Son illərdə əhalinin bölgələrdən sürətlə Bakıya köçməsi müşahidə olunur. Bunun səbəbini vətəndaşlar müxtəlif cür izah ediblər.
Heftelik.az “Xəzər Xəbərə”-ə istinadən məlumat verir ki, Zaqatala sakinlərinin bildirdiyinə görə, ətraf rayonlarda zavod və fabriklərin olmaması, iş yerlərinin azlığı əhalinin daha gəlirli yerlərə üz tutmasına səbəb olur. Bu zaman kənddə yaşayan insalar rayon mərkəzlərinə, rayon sakinləri isə Bakıya üz tuturlar. Buna görə də kənd və rayonlarda əhali getdikcə azalmağa başlayıb.
Sakinlər həmçinin bildiriblər ki, rayonlarda konserv zavodları, cücə zavodları və s. təsərrüfat məqsədli iş yerləri açılarsa əhali öz yaşadıqları yerləri tərk etməz.
Tovuz rayon sakinlərindən də alınan məlumatlara görə Bakı şəhərində iş yerlərinin çox olması, işsiz üçün daha geniş imkanların olması bu şəhərə əhalinin axınını daha da artırır. Sakinlər həmçinin onu da bildiriblər ki, əgər əvvəllər rayon sakinləri Bakıya bir müddətlik qalmaq üçün gedirdilərsə, indi onlar şəhərə birdəfəlik köçərək daimi orada yaşayırlar.
İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, urbanizasiya son dövrün qlobal məsələsidir. Onun sözlərinə görə, regionlarda iqtisadi mühitin zəif inkişafı, kənd təsərrüfatında geniş imkanların olmaması əhalinin əsasən Bakıya üz tutmasına səbəb olur. Ekspert bildirib ki, urbanizasiya nəticəsində paytaxt və ətraf ərazilərdə əhalinin sayının sürətlə artması nəqliyyatın hərəkini də iflic halına salır. Həmçinin, Bakı şəhərinin atmosferinin çirklənməsi və bu sahədə ciddi problemlərinin yaranması da burada əhalinin sıx məskunlaşmasından qaynaqlanır.