Bu ilin əvvəlindən həm rayonlarda həm də paytaxt Bakıda evlərin qiymətlərində artımlar nəzərə çarpır.
Heftelik.az “Xəzər Xəbərə”-ə istinadən məlumat verir ki, araşdırmalara görə yeni ildən daşınmaz əmlak, əsasən də yaşayış evlərində olan qiymət artımı bölgələrdə az hiss olunsa da, paytaxt Bakıda bu olduqca qabarıq formada özünü göstərir. Qiymət artımı əsasən sənədi olan ev və mənzillərə şamil olunur, çıxarışları olmayan yaşayış evləri isə dəyərindən dəfələrlə aşağı qiymətə təklif olunur.
Bakı sakinlərindən alınan sorğuya əsasən demək olar ki, hazırda 2 otaqlı mənzil əldə etmək üçün 200 min manat ətrafında vəsaitin olması şərtdir. Onlar həmçinin bildiriblər ki, bu evləri 3 ay əvvəl 180 min manat civarında əldə etmək mümkün idi. Bazar iştirakçıları bildiri ki, bu qədər artım onların məvacibləri ilə üst-üstə düşmür. Yəni, bir ev almağı düşünən zaman dövlət ipotekası ilə belə olsa aylıq kredit məbləğini ödəmək hazırkı alınan məvacib ilə mümkün deyil.
Yaşayış evlərində olan artım rayonlarda da özünü göstərir. Belə ki, əgər Tovuz rayonunda 2-3 il əvvəl 40 min manata bir ev almaq mümkün idisə hazırda o tipli evi 80 min manat civarındadır.
Məsələ ilə bağlı ekspertlərin də rəylərinə nəzər aldıqda görünür ki, daşınmaz əmlakdakı hazırki qiymət artımı bir neçə səbəbdən qaynaqlanır. Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, tikinti materiallarında olan qiymət artımı, sökülməsi nəzərdə tutulan fərdi yaşayış yerlərinin sahibləri tərəfindən qiymətinin artırılması da gələcəkdə tikiləcək olan binaların qiymətlərinin artmasına birbaşa təsir göstərir. Ekspert həmçinin onu da bildirib ki, qiymət artımı köhnə tikili binalarda da özünü göstərir. Belə ki, hazırda 1 otaqlı köhnə tikili binada olan mənzilin ortalama qiyməti 100 min manat civarında dəyişir. Bu isə təxminən 6-7 il əvvəlki qiymətdən 30-40% artıq məbləğdir.
Paytaxtda mərkəzə yaxın olan ərazilərdə tikilən yeni binaların qiymətləri isə 1 kvadrat metr üçün 2500-4000 manat arası dəyişir.
Ekspertlərin sözlərinə görə, ətraf rayonlardan fərqli olaraq paytaxt Bakıda daşınmaz əmlakın qiymətlərinin bu qədər baha olması mərkəzə daha çox marağın olmasından irəli gəlir. Deputat Müşfiq Cəfərovun sözlərinə görə, evlərin bahalaşmasında əsas səbəblərdən biri də tələb-təklif məsələsidir. Əhalinin sürətlə paytaxta üz tutması və daimi olaraq burada yaşamaq istəyi, həmçinin infilyasiya məsələləri əmlak bazarında qiymətin artmasına güclü təsir göstərir.
Müəllif: Türkan_zadə