Son zamanlar gözəllik və kosmetoji prosedurlar üzrə aparılan araşdırmalar nəticəsində qadağan olunacaq estetik prosedurlar müəyyən kriteriyalara cavab verəcək müəssisələr üçün keçərli olacaq.

Heftelik.az “Xəzər Xəbərə”-ə istinadən məlumat verir ki, Səhiyyə Nazirliyi tərəfindən verilmiş qərarlara əsasən tibbi kosmetologiya, inyeksiya prosedurları, lazer üsulu epilyasiya, müalicəvi masaj növləri və digər bu kimi prosedurlarla hər kəs məşğul ola bilməz. Bu prosedurları icra etmək üçün müəssisələr və orada fəaliyyət göstərən işçilərə xüsusi kriteriyalar qoyulacaq. Verilmiş bu qərarı isə sözügedən müəssisələrdə fəaliyyət göstərən hər kəs birmənalı qarşılamır.

Gözəllik salonunda çalışan şəxslər bildiri ki, əgər bu qanun qüvvəyə minərsə yüzlərlə bu sahədə çalışanlar öz işlərindən olacaq və bir sıra mərkəzlər bağlanacaq. Həmçinin, onlar bu sahədə çalışan insanların nə dərəcədə öz işində peşəkar olmasına baxıb ondan sonra qərar verilməsinin tərəfdarıdırlar. Çünki, estetik sahədə çalışan bir çox mütəxəssis bu işin tədrisini keçərək diplom və sertifikat əldə edir, bundan sonra isə öz şəxsi işini qurur.

Həkim kosmetoloq Nigar Sultanova isə məsələyə fərqli yanaşaraq bildirib ki, bu cür tibbi və estetik prosedurların harda gəldi, şəraitindən asılı olmayaraq hər yerdə tətbiq olunması narahatlıq doğurur, amma bu qadağanın hər kəsə və hər mərkəzə şamil olunmasını düzgün hesab etmir:

“Mən cərrahi əməliyyat etmirəm, işimdə tikiş və bu kimi təhlükəli prosedurlar olmadığı üçün mənim kimi həkim kosmetoloqların estetik mərkəzlərdə işləməsinə qadağa qoyulmamalıdır. Hər bir etdiyimiz prosedur pasiyentin gözü önündə olur və istifadə olunan preparatlar xüsusilə onun üçün açılır və tətbiq olunur. Əgər həkim kimi sertifikasiyadan keçmişiksə bu prosedurları etmək hüququmuz da mövcuddur.”

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi Xəyalə Əliyevanın sözlərinə görə isə bu sahədə çalışan müəssisə xüsusi sertifikasiyadan keçməlidir. İşlədiyi sahə üzrə fəaliyyət göstərən həkim dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər bu mərkəzlərdə öz işlərini davam etdirə bilərlər. Bundan əlavə X. Əliyeva onu da bildirib ki, əgər bir müəssisə estetik və ya gözəllik salonu kimi çalışırsa ayrıca girişi olmaqla bu mərkəzdə xüsusi bir hissə ayıraraq həmin sahəyə lisenziya üzrə müraciət etmək olar. Bundan sonra Səhiyyə Nazirliyi tərəfindən keçirilən baxış zamanı həmin hissə tam standartlara uyğun və qanunvericiliyə uyğun tələblərə cavab verdiyi halda müsbət rəy əldə edib lisenziya almaq mümkündür.

Müəllif: Türkan_zadə