Azərbaycana arıqlama çayı və qəhvələrinin gətirilməsi qadağan edilib.
Heftelik.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.
Qeyd edilib ki, son dövrlər elektron ticarət yolu ilə kütləvi formada “arıqlama çayı və qəhvələri” adı altında müxtəlif markalı qəhvə və çayların Azərbaycan Respublikasına gətirilməsi artmaqdadır. Həmin mallar ilə əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd olunan qəhvə və çayların tərkibində bir sıra hallarda güclü təsirə malik maddə hesab edilən “sibutramin” maddəsinin olduğu aşkar edilib.
Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının Protokoluna əsasən piylənmə əleyhinə vasitə kimi istifadə olunan “sibutramin” tərkibli məhsulların insan orqanizmi üçün təhlükəli olduğu və sağlamlığa göstərdiyi ciddi təsirləri nəzərə alınaraq dövlət qeydiyyatdan çıxarılması barədə qərar qəbul olunub və tərkibində “sibutramin” olan məhsulların dövlət qeydiyyatına alınması qadağan edilib. Ona görə də, vətəndaşlara onlayn sifariş zamanı diqqətli olmaq tövsiyə edilir.
Qeyd edək ki, sibutraminin əlavə təsirləri kimi baş ağrısı, yuxusuzluq, ağızda quruluq, başgicəllənmə, qəbizlik, qan təzyiqinin yüksəlməsi, depressiya, narahatlıq, yorğunluq, qusma, ishal, boğazda quruluq, migren, miokard infarktı, hallüsinasiyalar, ürək-damar xəstəliklərinin kəskin ağırlaşması və ciddi risklərinin meydana gəlməsi, astma, koma, nitq qabiliyyətinin itməsi, qəfil ölüm və s. göstərmək olar. Bu səbəblərdən sibutraminin istifadəsi bir çox ölkələrdə dayandırılıb. Belə ki, Azərbaycandan başqa, “sibutramin” tərkibli məhsulların dövlət qeydiyyatına alınması Avropa İttifaqı ölkələrində, həmçinin ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Misir və digər dövlətlərdə qadağan olunub.