Xarici maliyyə institutları ilə işgüzar münasibətlərin qurulması və bu münasibətlərə xitam verilməsinə dair qərar maliyyə institutunun səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasında əksini tapıb.
Xarici maliyyə institutları ilə işgüzar münasibətlər yazılı müqavilə ilə rəsmiləşdirilir.
Aşağıdakı hallarda işgüzar münasibətlərin qurulmasından imtina edilir:
– işgüzar münasibətlərin qurulması məqsədilə bu Qaydanın 6.1-ci bəndində göstərilmiş sənədlər və məlumatlar tam təqdim edilmədikdə və ya təqdim edilmiş məlumatlar əsasında işgüzar münasibətlərin qurulması cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi baxımından riskli hesab edildikdə;
– işgüzar münasibətlərin qurulması məqsədilə təqdim olunmuş sənədlərdə və ya verilmiş məlumatlarda qeyri-dürüst, təhrif olunmuş və ya ziddiyyətli məlumatlar olduqda;
– xarici maliyyə institutu hər hansı bir dövlətdə və ya ərazidə fiziki mövcudluğu olmayaraq dövlət qeydiyyatına alınmış və/və ya müvafiq fəaliyyətlə məşğul olmaq üçün lisenziya almış, lakin dövlət nəzarəti ilə əhatə edilməyən qurum olduqda, o cümlədən onun xidmətlərindən qeyd edilən xüsusiyyətlərə malik digər maliyyə institutu tərəfindən istifadə ediləcəyi müəyyən edildikdə.