İnvestisiya şirkətləri və banklar investisiya xidmətlərinin həyata keçirilməsi, o cümlədən müştəri sifarişlərinin qəbulu və icrası zamanı bu Qaydanın, Qanunun və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (ƏL/TMM Qanunu) tələblərinə əməl etməlidirlər.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

Banklar tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilməklə yalnız Azərbaycan Respublikasının ərazisində ticarətə buraxılmış qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə Qanunun 30.3.1-ci və 30.4.1-ci maddələrində, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) buraxdığı qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə Qanunun 30.3.6-cı maddəsində göstərilən investisiya xidmətləri (əməliyyatları) həyata keçirilir. Banklar tərəfindən Qanunun 30.4.1-ci maddəsi ilə müəyyən edilən investisiya xidməti yalnız Qanunun 30.3.1-ci maddəsi ilə müəyyən edilən investisiya xidməti çərçivəsində həyata keçirilir.