Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdə üzərində bir oyunun loqosu əks olunan və mobil nömrə yazılan kağızlar verilib.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Nurlan Mirəli adlı şəxs “Facebook” hesabında belə paylaşım edib.
Nurlan Mirəli qeyd edib ki, bu gün 5-ci sinifdə oxuyan qızına və onun sinif yoldaşlarına, böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər: “Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca “mənə yaz” sözləri yazılıb. Bu oyunu quql üzərində araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər”.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, məktəbliyə verilən naməlum qrafalı vərəqəni polis araşdırır:
“Sosial şəbəkələrdə yayılan naməlum qrafalı kağızlardan məlumatlıyıq. Bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmalarla vərəqdə əks olunan ifadələrin mahiyyəti aydın olacaq”.
Bakı Şəhər Təhsil İdarəsindən də bildirilib ki, məsələ ilə bağlı məktəbdaxili araşdırma aparılacaq. Qeyd edilib ki, şagird və valideynlərlə müvafiq söhbət aparılacaq, məktəb psixoloqu tərəfindən şagirdlərlə dəstəkləyici tədbirlər görüləcək.