Bu gün Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım göndərilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  elektrik avadanlıqlarından ibarət yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Bu vəsait çərçivəsində göndərilən ilkin humanitar yardım yükünə elektrik kabelləri, naqillər və transformatorlar daxildir. Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən təchizat müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.

Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib. 2025-ci ilədək elektrik avadanlıqları qismində 120-yə yaxın transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə 3.3 milyon metrdən çox kabel və naqil Ukraynaya yola salınıb.