Azpulmat Bank Olmayan Kredit Təşkilatı (BOK) müştəriləri aldadır.
Heftelik.az xəbər verir ki, bununla bağlı redaksiyaya vətəndaşlardan şikayətlər daxil olub.
Belə ki, hazırda ölkədə onlayn kredit təklif edən Azpulmat ötən ilin sonunda cəlbedici kampaniyaya başlayıb. Kampaniyaya əsasən, həmişə götürdükləri kreditə görə, yüksək məbləğdə faiz ödəməli olan müştərilərə bu dəfə krediti əldə etdikdən 45 gün sonra cəmi 70 manat faiz ödəmək təklif olunub. Bu təklif Azpulmatın tətbiqində hər zamankı kimi kredit götürmək üçün istifadə olunan həlqələrdə də göstərilib. Belə ki, həmişə yuxarı və aşağı dairələri çevirməklə məbləği, vaxtı və ona uyğun qaytarılacaq məbləğ göstərilirdisə, bu dəfə həlqələrin birində 500 manat, digərində isə 45 gün göstərilib və yekun 570 manat məbləğ yazılıb. Bunu yeni il kampaniyası hesab edən müştərilər təbii ki, Azpulmanat kimi həmişə yüksək dərəcəli faizlər göstərən bir BOK-un bədəfəki təklifini göydəndüşmə hesab edib məbləği seçiblər.
Lakin ödəmə vaxtı yaxınlaşanda məlum olub ki, Azpulmat heç də kampaniya təşkil etməyibmiş, faiz dərəcələri az deyil, həmişəki kimi qalıbmış. Misal üçün, 500 manat götürən müştəri, düşündüyü kimi 45 günün tamamında 70 manat deyil, 210 manat ödəməlidir. Bu barədə kredit sifarişi qəbul edildikdən sonra gələn müqavilədə də yazılıbmış. Sadəcə müştərilərin əksəriyyəti pulu görmək sevinci içində heç müqaviləyə baxmayıblar. Təəssüf ki, müştərilərin bu zəif nöqtələrini bilən Azpulmat BOK da belə bir hiylə işlədərək müştəriləri aldadıb, necə deyərlər, qarmaq atıb, balıq tutub.
İndiki vəziyyətdə müştərilər BOK-a zəng edib aldadıldıqlarını, Azpulmatın dələduzluqla məşğul olduğunu söyləsələr də BOK-dan aydınlıq gətirmək yerinə, vətəndaşları məlum məbləği ödəməyi tələb edirlər.
Məsələ ilə bağlı Azpulmatdan münasibət öyrənmək istəsək də əlaqə qurmaq mümkün olmayıb. Əlaqədar qurumlar isə Azpulmatın bu özbaşınalığına və dələduzluğuna göz yumur.