Bakının Qaradağ rayonunda yerləşən “Xəzri” restoranının fəaliyyəti dayandırılıb.

Fövqəladə Hallar Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti “Xəzri” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlayıb.

Həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Xidmət əməkdaşları obyektin mətbəxində sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə edildiyini, obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusunun tam quraşdırılmadığını, mövcud olan qurğunun isə nasaz olduğunu müəyyən ediblər.

Nazirliyin məlumatında elektrik təsərrüfatındakı problemlər, yanğın su hovuzu və daxili yanğın su kranları ilə təmin olunmamaq, odsöndürən balonlarla tam təmin edilməmək, təxliyə planının olmaması kimi nöqsanlar da qeyd edilib.

“Bu səbəblərdən obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək” FHN-nin məlumatında qeyd olunub.

Xidmət yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktlarına əsaslanaraq, “Xəzri” restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.