İtaliyalı sənətkar Antonio Stradivarinin (1644-1737) hazırladığı skripka Nyu-Yorkda “Sotheby’s” hərracında 11,25 milyon dollara satılıb.

Heftelik.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, hərrac 8 milyon dollardan başlanıb, lakin bu məbləğ bir neçə saniyə ərzində artıb.

Alıcı anonim qalmağı üstün tutub. 1714-cü ildə hazırlanmış “Yoaxim-Ma” skripkası Stradivarinin “qızıl dövrü”nə təsadüf edir.

“O, unikal səsi ilə seçilir – zəngin, mürəkkəb, dərin. <…> Skripkanın “səsi”ni təkcə eşitmək deyil, həm də hiss etmək mümkündür, o, ən incə çalarları açır və hər musiqi frazasına ifadəlilik verir. Bu, əsrlər boyu birinci sinif musiqiçilərin çalmağa can atdığı ən böyük skripkalardan biridir”, – hərracın saytındakı təsvirdə deyilib.