Emitent maliyyə institutunun öhdəlikləri müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasında əksini tapıb.
Emitent maliyyə institutu elektron köçürmələrdə, o cümlədən paket ödənişlərində aşağıdakı məlumatların olmasını təmin edir:
– ödəyicinin adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (köçürmə sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda və ödəniş kartları vasitəsilə aparılmadıqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (olduqda));
– ödəyicinin fərdi eyniləşdirmə məlumatları (doğum tarixi və yeri, fərdi identifikasiya nömrəsi, ünvanı və ya milli identifikasiya nömrəsi haqqında məlumatlar);
– ödəyicinin əməliyyatının emalında istifadə olunan hesab nömrəsi, ödəniş kartının nömrəsi (PAN) və ya digər unikal eyniləşdirici;
– vəsait alanın adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (məlum olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması (məlum olduqda) və VÖEN-i (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş vergi ödəyicisi olduqda));
– vəsait alanın əməliyyatının emalında istifadə olunan hesab nömrəsi, ödəniş kartının nömrəsi (PAN) və ya digər unikal eyniləşdirici;
– hesab açılmadan aparılan elektron köçürmə zamanı əməliyyatın unikal istinad nömrəsi.