İnvestisiya MƏSLƏHƏTLƏRİ

10 Fevral 2025, 01:02

İnvestisiya şirkəti investisiya məsləhətlərinin verilməsi xidməti üzrə müştəri ilə müqavilə bağlamazdan əvvəl investisiya xidmətinin müştəri üçün uyğun olduğunu müəyyən etməlidir.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

İnvestisiya məsləhətlərinin verilməsi zamanı investisiya şirkəti aşağıdakı tələbləri yerinə yetirir:

– investisiya məsləhətləri etibarlı faktlara, məlumatlara, hesabatlara və təhlillərə əsaslanır;

– qiymətli kağızların kütləvi təklifi ilə bağlı investisiya məsləhətinin hazırlanması zamanı həmin qiymətli kağızların emissiya prospekti və ya informasiya memorandumunda qeyd edilən məlumatlardan istifadə edir;

– investisiya məsləhətlərində əks olunan rəy, təhlil, proqnoz, qiymət hədəfləri və tövsiyələr obyektiv şəkildə hazırlanır;

– investisiya məsləhətlərində mütləq gəlirə dair vəd və ya təminat verilmir;

– investisiya məsləhətində çaşdırıcı, yayındırıcı, səhv və ya həqiqəti əks etdirməyən məlumatlardan və ifadələrdən istifadə edilmir;

– investisiya məsləhətinin nəticələri investora təqdim edilməzdən əvvəl investisiya şirkəti tərəfindən özünün və ya üçüncü şəxsin mənafeyi üçün istifadə edilmir.