Bakıda kafedə qətl hadisəsi törətməkdə təqsirləndirilən Akif Məcidovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Akif Məcidov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 28-də saat 01:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən kafedə baş verib.

Bakı şəhər sakini Akif Məcidov münaqişə zəminində paytaxt sakini əvvəllər məhkum olunmuş Zaur Nemətova bıçaqla xəsarət yetirib.

Nəticədə Z.Nemətov xəstəxanaya aparılarkən ölüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Məcidov tutularaq istintaqa təhvil verilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham irəli sürülüb.