Müştərinin təqdim etdiyi maliyyə vəziyyəti haqqında məlumata dair tələblər açıqlanıb.
Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.
Müştərinin təqdim etdiyi maliyyə vəziyyəti haqqında məlumatda aşağıdakılar əks olunmalıdır:
– MUT Qaydalarına uyğun olaraq gəliri və gəlir mənbələri;
– aktivləri, o cümlədən pul vəsaitləri, investisiyaları və daşınmaz əmlakı;
– maliyyə öhdəlikləri.
Müştərinin investisiya məqsədlərinə dair məlumatına ən azı investisiyanın müddəti və müştərinin üzərinə götürə biləcəyi riskin maksimum həcmi daxil edilir. İvestisiya şirkəti son iki bənddə müəyyən edilən məlumatlar əsasında müştərini aşağıdakılar barədə 3 (üç) iş günü müddətində yazılı qaydada (kağız daşıyıcıda və ya elektron formada) məlumatlandırır;
– investisiya xidmətinin (əməliyyatının), qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin müştəri üçün uyğun olması barədə;
– məlumatların təqdim edilməməsi səbəbindən investisiya şirkəti tərəfindən müştəriyə təklif edilən və ya müştəri tərəfindən sifariş edilən investisiya xidmətlərinin (əməliyyatlarının) və ya aktivlərin müştəri üçün uyğunluğunun qiymətləndirilməsinin mümkün olmaması barədə;
– təqdim olunan məlumatların qiymətləndirilməsi nəticəsində müştəri tərəfindən sifariş edilən investisiya xidmətlərinin (əməliyyatlarının) və ya aktivlərin müştəri üçün uyğun olmaması barədə.