Xaçmazda yerləşən 7 saylı tam orta məktəbin bağlanması xəbəri valideynləri narahat edir.
Heftelik.az “Xəzər Xəbər”-ə istinadən verdiyi məlumata görə, sözügedən məktəbin təmirə bağlanması haqqında məlumat yayılıb və təmirdən sonra bu məktəbin lisey kimi fəaliyyət göstərəcəyi bildirilib.
Valideynlərə isə bildirilib ki, bu proses zamanı məktəbdə oxuyan şagirdlər digər rayon məktəblərinə yerləşdiriləcək və təhsillərinə orada davam edəcəklər.
Sözügedən məsələ ilə bağlı valideynlər çox narahat olduqlarını bildirərək söyləyiblər ki, məktəbin bağlanması və digər məktəblərə köçmək uşaqların təhsilində problemlər yaradacaq. Onların sözlərinə görə aidiyyatı qurumlardan deyilib ki, şagirdlər Xaçmazın 4 saylı rayon məktəbinə yerləşdirilə bilinər. Buna isə valideynlər öz narazılıqlarını bildirirlər. Onların sözlərinə görə, məktb lisey olandan sonra yalnız yüksək bal toplayan şagirdlər burada oxuya bilərlər. Qalan şagirdləri isə məktəbdən uzaqlaşdıracaqlar.
Mələsə ilə bağlı “Quba-Xaçmaz Regional Təhsil idarəsi” ilə saxlanılan əlaqə zamanı bildirilib ki, Abamüslüm Səlimov adına 7 saylı tam orta məktəbin bağlanması xəbəri doğru deyil. İdarənin əməkdaşı Murad Qəribov həmçinin bildirib ki, adıgedən məktəbin növbəti təhsil ilindən tam orta təhsil sisteminə keçirilməsi planlaşdırılır: “İbtidai siniflər 1-ci korpusda, 10-11-ci siniflər isə 2-ci korpusda təhsil alacaqlar.” Amma o da bildirilib ki, 4-9 cu siniflərdə təhsil alacaq şagirdlərin yaxınlıqdakı təhsil müəssisələrinə köçürülməsi planlaşdırılır.
Müəllif: Türkan_zadə