Elektron köçürmələr zamanı ödəyici və vəsait alanın eyniləşdirilməsi və müştəri uyğunluğunun müəyyən edilməsinə dair tələblər onların səlahiyyətli nümayəndələrinə münasibətdə də şamil edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasında əksini tapıb.

Emitent və benefisiar maliyyə institutları elektron köçürmənin məbləği bu Qaydanın 3.2-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş məbləğdən az olduqda da risk iştahası səviyyəsinə uyğun olaraq müştəri uyğunluğu tədbirlərini həyata keçirə bilərlər.  Eyni zamanda emitent və benefisiar kimi çıxış edən maliyyə institutu Azərbaycan Respublikasından kənarda həyata keçirilən əməliyyatlarla bağlı əmlakın cinayət yolu ilə əldə edilməsinə və (və ya) terror aktının hazırlanmasında, təşkil olunmasında və ya törədilməsində, habelə terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsində istifadə olunacağına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların müəyyən edilməsi məqsədilə ödəyici və vəsait alana dair bütün məlumatları nəzərdən keçirməli və əməliyyatın həyata keçirildiyi ölkənin qanunvericiliyinə müvafiq olaraq bu hallarla bağlı məlumatların maliyyə monitorinqi orqanı üçün əlçatanlığını təmin etməlidir.