Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib.

Heftelik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Prezidentin bu gün imzaladığı Fərmanla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib.

Agentliyə sədr təyin edilən Elnur Bağırov 1991-1996-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 1995-ci ildə “Philip Morris” şirkətində başlayıb və 2000-ci ilədək maliyyə və marketinq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb. 2001-2002-ci illərdə “Coca-Cola” şirkətində Azərbaycan, Gürcüstan, Türkmənistan üzrə media meneceri vəzifəsində çalışıb. 2003-2021-ci illərdə “İmperial Tobacco” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində marketinq üzrə menecer, daha sonra isə nümayəndəliyin rəhbəri olaraq fəaliyyət göstərib. 2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsini icra edib.

Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.

Ailəlidir, 2 övladı var.