Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərin dindirilməsi davam edib.
Zərərçəkən Ramin İbrahimov bildirib ki, onun övladı talassemiya xəstəliyindən əziyyət çəkir. Ona Aynur Bayramovanı Türkiyədə çalışan həkim Həmidə Qarayeva tövsiyə edib. Zərərçəkən övladının əməlliyyatı üçün Aynur Bayramova vasitəsi ilə tanış olduğu Nuridə Seyidovaya 15 min dollar ödədiyini bildirib. A.Bayramova ona deyib ki, N.Seyidova zərərçəkənin övladının əməliyyat pulunun qalan hissəsini sponsor kimi ödəyəcək.
Nuridə Seyidova bildirib ki, verilən pulun 10 min dollarını Aynur Bayramovaya verib. A.Bayramova bu iddianı qəbul etməyib.
Zərərçəkən Sevinc Səmədova isə həyat yoldaşı böyrək xəstəsi olduğunu, 2023-cü ilin avqustunda dünyasını dəyişdiyini bildirib.
Qeyd edib ki, Gömrük Xəstəxanasında Mircəlal doktor ona Aysel Məmmədova ilə danışmağı tpvsiyə edib: “Mircəlal həkim mənə dedi ki, bizə Aysel xanım kömək edə bilər. Onun nömrəsini alıb danışdım. Söylədi ki, 45 min manat ödəməliyəm. Mircəlal doktor dedi ki, əməliyyatla bağlı narahat olmayaq. Daha öncə 5 nəfər əməliyyat edilib. Biz əlimizdəki pulları yığdıq. Bizə hətta yaxınlarımız da kömək etdi və 22 min 500 manat topladıq. Həmin pulu yanvarda Aysel Məmmədovaya verdik. Dedi ki, Nuridə Seyidova qalanını verəcək. O, sponsordur və xəstəxana ilə müqaviləsi var. Amma əməlliyyat baş tutmadı. Yoldaşımın vəziyyəti pisləşdi. Sonradan Aysel Məmmədova dedi ki, 10 günə məlumat verəcək və kömək ediləcək.
Həmin müddətdən sonra yenidən Aysel Məmmədova ilə danışanda bizə “Mircəlal həkim sizə məlumat verməyib? Polislər gəlib, istintaq gedir”, dedi. Yoldaşımın vəziyyəti pisləşdi. Əməliyyat üçün pulumuz çatmadı. Onlara görə yoldaşım həyatını itirib. Mircəlal həkim isə dedi ki, mənlik deyil”.
O, əlavə edib ki, Aysel Məmmədova həmin puldan 15 min 500 manatı qaytarıb. Hazırda qalan 7 min 500 manatı tələb edir.
Zərərçəkən Aytəkin İsayeva isə deyib ki, böyrək xəstəliyindən əziyyət çəkir. O, Nuridə Seyidovanı sosial şəbəkədəki elanda gördüyünü, ona 19 min manat pul ödədiyini bildirib.
Nuridə Seyidova bildirib ki, zərərçəkənin qızı Aynur Bayramova ilə tanış olub. Onlar vasitəsi ilə N.Seyidova zərərçəkənlə tanış olub. Lakin, ondan 6 min manat pul alınıb. Aytəkin İsayeva isə Aynur Bayramovanı tanımadığını bildirib.
Digər zərərçəkən Elxan Əliyev ifadə verəndə Aynur Bayramovanın təzyiqi qalxıb. O, həkimin müayinəsindən sonra zaldan çıxarılmasını istəyib. Aynur Bayramova bildirib ki, sirroz xəstəsidir və əməliyyata ehtiyac var: “Mənim tək günahım xəstələrin yanında olmaq olub. Xəstələrin yanında olduğum üçün hazırda əziyyət çəkirəm”.
Proses fevralın 19-da davam etdiriləcək.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.