Azərbaycana idxal olunan bananların satışını minimuma endirmək üçün yerli bananların istehsalına başlanılıb.
“Heftelik.az” “Xəzər Xəbərə”ə istinadən məlumat verir ki, bu vasitə ilə həm yerli bazar məhsullarına olan tələb artacaq, həm də heç bir kimyəvi maddə olmadan tam orqanik bananlar satışa çıxarılacaq.
Belə ki, ölkəyə gətirilən bananların böyük hissəsi Ekvador və bu kimi tropik ölkələrdən idxal olunurdu. Bu zaman isə 30-35 gün ərzində yol gəldiyi üçün xarab olmasın deyə mütləq şəkildə kimyəvi maddələrdən istifadə olunurdu. Bunun qarşısının alınması və daha zərərsiz bananların satışı üçün keçən ilin yanvar-fevral aylarında ölkə ərazisində 10 hektar ərazidə 18000 banan tingi əkilib. Hazırda isə bunun sayəsində 500 tondan artıq banan toplanılıb.
Yerli bananlar ölkənin iqlim şəraitinə uyğunlaşdırılıb və məhsuldarlığın artırılması, daha keyfiyyətli olması üçün Türkiyədən xüsusi aqronomlar dəvət olunub.
Sahibkar Elnur Abdullayevin sözlərinə görə, ölkə bazarında banana olan tələbatın yüksək olması ilə əlaqədar olaraq bu meyvənin yerli və orqanik formada vətəndaşlara təklif olunması və xaricdən idxalı minimuma endirilməsi planlaşdırılıb. Onun sözlərinə görə, əgər yerli istehsal ilk sınaqdan uğurla çıxarsa önümüzdəki 3 il ərzində ölkə bazarında böyük bir hissəni öz əlinə alacaqdır.
O ki qaldı meyvənin satış qiymətinə, hazırda idxal olunan banan qiymətinin təklifi ilə eynilik təşkil edəcək, yəni, 1 kq-ı 2.5-3 manat arası dəyişəcək. Məhsulun qiymətinin aşağı olmamasının əsas səbəbi isə tam orqanik və dərmansız yetişdirilməsidir.
Müəllif: Türkan_zadə