CBC kanalının ərsəyə gətirdiyi “İki tərəf üçün bir torpaq: yaşamaq uğrunda mübarizə” sənədli filminin ssenari müəllifi və prodüseri, kanalın əməkdaşı Elmira Musazadə “Ən yaxşı qadın ssenarist” nominasiyasında FEEDBACK Qadın Filmləri beynəlxalq sənədli film Festivalı (FEEDBACK Female Film Festival) mükafatına layiq görülüb.
“İki tərəf üçün bir torpaq: yaşamaq uğrunda mübarizə” sənədli filmi tamaşaçının diqqətini 2023-cü ilin oktyabrında Yaxın Şərqdə baş verən faciəli hadisələrə yönəldir. Filmin ssenari müəllifi və prodüseri, jurnalist Elmira Musazadə baş verənlərin səbəblərini anlamaq üçün İsrailə, Beri kibutsuna (Kibbutz Beeri) səfər edib.
Film israillilərlə fələstinlilər arasında köklü münaqişəni araşdırır, onilliklər boyu davam edən siyasi fikir ayrılıqlarının və həll olunmamış tarixi problemlərin yaratdığı bəşəri faciələri göstərir.
Cəbhə xəttində yaşayan insanların şəxsi hekayələri vasitəsilə filmin müəllifləri bu qarşıdurmanın insani dəyərlərə yaratdığı təhdidlərdən, eləcə də sülhə olan ümidlərdən danışırlar.
Filmin baş prodüseri CBC televiziya kanalının rəhbəri, son bir neçə ildə filmləri dəfələrlə Avropa, Asiya və Amerikada keçirilən nüfuzlu beynəlxalq festivallarda mükafatlara layiq görülmüş Vüqar Xəlilov olub. Prodüserin mükafatlara layiq görülmüş filmləri arasında “İrəvanın gizli irsi”, “Urmiya necə məhv olur” və “Türk damğaları” filmləri də var.
Ssenari müəllifi və prodüser Elmira Musazadə qeyd edir: “Holokost” və “Aparteid Divarı” sadəcə, keçmişdən gələn qorxulu sözlər deyil. Bu, insanları bir torpağı iki tərəf arasında paylaşmağa məcbur edən reallıqdır. Biz yaşamaq uğrunda aparılan bu müharibəni özünü onun episentrində tapanların qorxusu, ağrısı və ümidi vasitəsilə göstərdik. Bizim üçün bu mükafat həqiqətin tez-tez bulanıq olduğu bir dünyada dürüst jurnalistikanın əhəmiyyətinin etirafıdır. Və xüsusilə sevindirici haldır ki, Azərbaycan telekanalı tamaşaçıların etimadını qazana bildi”.
FEEDBACK Qadın Filmləri Festivalı qadın-kinematoqrafçılar və ssenaristlərin əsərlərini nümayiş etdirən beynəlxalq festivaldır. Festivala qəbul edilmiş filmlər iki platformada nümayiş etdirilmək üçün unikal imkan əldə edir: tamaşaçı rəylərinin də yer aldığı ənənəvi film nümayişlərində, həmçinin kino sənayesinin peşəkarları və kinoşünaslar üçün striminq yayımı festivalı çərçivəsində.
“İkiyə bir torpaq. Yaşamaq uğrunda mübarizə” CBC-nin istehsal etdiyi beynəlxalq sənədli filmlər festivalına namizəd olan ilk sənədli film deyil. Keçən il kanalın bir neçə sənədli filmi nüfuzlu beynəlxalq mükafatlar qazanıb. Onların arasında Türkiyə Beynəlxalq İpək Yolu Film Festivalının (İnternational Silk Road Film Festival) ən yaxşı sənədli filmi olmuş və ABŞ-da Nyu York Beynəlxalq Film Mükafatlarının (New York International Film Awards ) müsabiqə proqramının iştirakçısı olan “ Türk Damğaları”; Xorvatiyanın “Smaragdni eko” film festivalı, Malayziya Beynəlxalq Kuala Lumpur Eko Film Festivalı və Braziliya Ecocine – Ətraf Mühit və İnsan Haqları Film Festivalının (Ecocine – Environment and Human Rights Film Festival) müsabiqə proqramına daxil edilmiş “Urmiya necə ölür” filmi, həmçinin Türkiyənin Nartuqan Film Festivalınınmüsabiqə proqramının iştirakçısı olmuş “Türkiyədə Faciə” filmi də var. CBC-nin beynəlxalq festival platformasında diqqəti cəlb edən filmləri arasındaLos-Ancelesdə keçirilən IndieX Film Fest beynəlxalq qısametrajlı filmlər festivalının iki nominasiya üzrə: “Ən yaxşı qısametrajlı sənədli film” və “Ənyaxşı montaj” nominasiyaları üzrə mükafatını almış, İrəvanın Azərbaycan tarixindən bəhs edən telekanalın “İrəvanın gizli irsi” filmini də qeyd etmək lazımdır. Müəllif və ssenarist Elşən Rüstəmovun bu əsəri həm də Amsterdamda keçirilən nüfuzlu Around Beynəlxalq Film Festivalının (Around International Film Festival) finalçısı olub.