Dövlət xəstəxalarında əsasən də, rayon xəstəxanalarında MRT müayinəsinin azlıq təşkil etməsi sakinləri çətinə salır.
“Heftelik.az” “Xəzər Xəbərə”ə istinadən məlumat verir ki, əsasən rayon xəstəxanalarında olan bu problemi aradan qaldırmaq üçün araşdırma aparılıb. Bu zaman məlum olub ki, Şəki, Şamaxı və s. bu kimi bölgələrdə xəstəxanalara MRT müayinəsi ilə bağlı müraciət olunan zaman ya “cihazımız yoxdur”, ya da “müayinə üçün 1 aya kimi gözləməlisiniz” cavabları verilir.
Tovuz rayon sakinlərinin bildirdiyinə görə isə, bu bölgənin xəstəxanasında ümumiyyətlə KT və MRT cihazları yoxdur. Xəstə üçün müayinə lazım olan zaman ya Şəmkir, ya da Gəncə şəhər xəstəxanalarına yönləndirilirlər. Bu da həm xəstənin sağlamlığına pis təsir göstərir, həm vaxt, həm də maliyyə itkisinə səbəb olur.
Tovuzdan və ətraf rayonlardan xəstə MRT və KT müayinəsi üçün Gəncə şəhər xəstəxanalarına yönləndirilsə də burada da əksər mərkəzlərdə sözügedən cihaz yoxdur. Gəncə şəhər Birləşmiş xəstəxanasına müraciət olunan zaman isə bildirilir ki, cihaz nasaz vəziyyətdədir.
Şəhər sakinlərinin sözlərinə görə, onlar da dəfələrlə müraciət etdikləri zaman bu xəstəxanadan bildirilib ki, MRT cihazı işləmir və onları özəl tipli xəstəxanalara yönləndiriblər.
Tibbi məsələlər üzrə ekspert Adil Qeybulla bildirib ki, MRT və KT kimi cihazlar çox az xəstəxanalarda mövcuddur:
“Bu cihazlar əsasən özəl tibbi müəssisələrdə olduğu üçün dövlət xəstəxanalarının maddi texniki bazası geridə qalır. Məhs bu səbəbdən yüksək ixtisaslı həkimlər özəl xəstəxanaları daha üstün tuturlar. Özəl tibbi müəssisələrin bu imkanlarının olması onların İcbari Tibbi sığortaya cəlb olunmasını aktual edir”.
Sözügedən məsələ ilə bağlı “TƏBİB”dən alınan məlumata görə, bu barədə araşdırmalar aparılacaq.
Müəllif: Türkan_zadə