Kennedi nazir odu

13 Fevral 2025, 23:33

ABŞ Senatı fevralın 13-də Robert Kennedinin ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin (Səhiyyə Nazirliyi) rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.

Heftelik.az-ın məlumatına görə, 52 senator Robert Kennedinin lehinə, 48-i əleyhinə səs verib.

Respublikaçı prezident Donald Trampın təklif etdiyi  71 yaşlı Kennedinin namizədliyi bütün demokrat senatorlar, həmçinin Respublikaçılar Partiyasının Senatdakı keçmiş lideri, respublikaçı Mitç Makkonnell tərəfindən rədd edilib.

Demokratlar Kennedini dərmanlara şübhə yaratmaq üçün sui-qəsd nəzəriyyələri yaymaqda və peyvəndlərlə mübarizədə maddi marağa malik olmaqda ittiham ediblər. Kennedi isə bu iddiaları rədd edərək mövcud peyvənd proqramlarını qoruyacağına söz verib.

Qeyd edək ki, Kiçik Robert Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur.

Peyvənd əleyhdarı kimi tanınan Kennedi “Covid” peyvəndinə fəal şəkildə qarşı çıxaraq bu peyvəndin ölümlərə səbəb olduğunu iddia edib.

Kennedinin səhiyyə naziri vəzifəsinə təyin edilməsinə 77 Nobel mükafatçısı, tibb ictimaiyyətinin üzvləri və hətta əmisi oğlu Karolin Kennedi də daxil olmaqla, öz ailəsinin bəzi üzvləri də qarşı çıxıb.