Bazarlarda mal əti dəyərindən 3-4 dəfə artıq qiymətə satılır.
“Heftelik.az” “Xəzər Xəbərə”ə istinadən məlumat verir ki, Dövlət Statistika Komitəsindən alınan məlumata görə iri buynuzlu heyvanların topdan satış qiyməti 1 kq-ı 4.4 manat, mal ətinin topdan satış qiymətinin 1 kq-ı isə 5.1 manat təşkil edilir. Buna baxmayaraq hazırda bazarlarda mal ətinin qiyməti dəyərindən 3-4 dəfə artıq qiymətə satılır.
Fermerlərin verdiyi məlumata görə, heyvanların bəslənməsi və ət istehsalının günü-gündən bahalaşması qiymətlərin də dəyişməsinə və artmasına səbəb olur.
İqtisadçı ekspert Xalid Kərimlinin bildirdiyinə görə, sözügedən qiymətlər məhsulun maya dəyəridir: “Məhsulun daşınması, emal və satış xərcləri topdan satış qiyməti ilə xeyli fərq edir. Bundan əlavə olaraq, heyvanın ətinin bütün hissələri satışa yararlı olmur, hətta yararlı olan hissələr belə eyni qiymətə satılmadığı üçün bu qiymət fərqinin olması qaçılmazdır. Bundan əlavə olaraq heyvanın kəsilməsi zamanı itkiyə gedən hissələri, qəssab və satıcının xərclərini də nəzərə aldığımızda məhsulun qiyməti maya dəyərindən artıq olması labüddür”.
Dövlət Statistika komitəsinin verdiyi məlumata görə, hazırda bazarlarda mal ətinin 1 kq-nın qiyməti sümüklü olduğu halda 14 manat, sümüksüz olduğu zaman isə 16 manata təklif olunur.
Müəllif: Türkan_zadə