Modelyer Elnarə Bəkirovanın atası, biznesmen Kamran Bəkirovu öldürməkdə təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyevlə bağlı məhkəmə prosesi yekunlaşıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədirliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Mustafa Zeynalov və Namiq Əliyev hər biri 19 il müddətinə azadlıqdan məhrum edilib.
***
saat 16.48
Modelyer Elnarə Bəkirovanın atası, biznesmen Kamran Bəkirovu öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədirliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev çıxış edib. Prokuror Mustafa Zeynalovun və Namiq Əliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra zərərçəkənin nümayəndəsi Vasif Mirzəyev çıxış edib. O da dövlət ittihamçısının təklif etdiyi cəza ilə razı olduğunu qeyd edib vəmaddi sübut kimi götürülən 200 min manatın zərərçəkənin hüquqi varisinə qaytarılmasını xahiş edib.
Elnarə Bəkirova ədalətə inandığını bildirib: “Atamı öldürənlər layiqli cəzalarını alacaqlar”.
Təqsirləndirilən şəxslər son söz üçün vaxt istəyib.
Qeyd edək ki, hadisə 2023-cü il aprelin 6-da Nardaran qəsəbəsində baş verib. İttihama görə, Mustafa Zeynalov və onun qohumu Namiq Əliyev pul mübahisəsi zəminində 69 yaşlı biznesmen Kamran Bəkirova xəsarət yetirməklə qəsdən öldürüblər.
Onlar K.Bəkirovun meyitini gizlətmək məqsədilə “Ləhiş bağları” ərazisindəki su quyusuna atıb, onun 285 min manatını götürərək hadisə yerindən qaçıblar.
Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham verilib.
Mustafa Zeynalov uzun illər polis orqanlarında işləyib. O, 20 il əvvəl rüşvət almaqda təqsirli bilinərək həbs olunub, 5 il azadlıqdan məhrum edilib. Namiq Əliyev isə bankda çalışıb.