Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə əsasən, son 5 ildə Azərbaycana ən böyük turist axını 2024-cü ildə qeydə alınıb və bu say 1 855 113 nəfər olub. Daha ətraflı desək ötən il  Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 32,3% və ya 452 513 nəfər çox olub. Bu artım Azərbaycanın turizm potensialının gücləndiyini, beynəlxalq bazarda daha cəlbedici məkanlardan birinə çevrildiyini və turizm sahəsində həyata keçirilən strategiyaların uğurla nəticələndiyini göstərir.

Rəsmi məlumatlar əsasında aparılan təhlil zamanı məlum olub ki, bütün dünyada olduğu kimi ölkəmizdə də turist sayı yalnız pandemiya dövründə yəni 2021-ci ildə azalıb. Həmin il Azərbaycana gələn turist sayında 11,1% azalma qeydə alınıb. Aşağıdakı cədvəldən də göründüyü kimi pandemiya dövründən sonra ölkəmizə gələn turistlərin sayı hər il artıb.

 

Rəsmi rəqəmlərə əsasən, ölkəmizə turizm məqsədilə səfər edən xarici ölkə vətəndaşları arasında şimal qonşumuz Rusiya Federasiyasından gələnlərin sayı daha çox olub. 2024-cü ildə Azərbaycana 600 186 rusiyalı turist səfər edib ki, bu da ölkəmizə gələn ümumi turist sayında əhəmiyyətli paya malikdir.

Hindistan 235 625 turist sayı ilə ikinci sırada qərarlaşıb. Buna səbəb son illərdə Hindistanla Azərbaycan arasında turizm əlaqələrinin genişlənməsi, Bakı və Qəbələnin hindistanlı turistlər üçün cəlbedici məkanlara çevrilməsidir.

Ötən il Azərbaycana gələn turistlər arasında Türkiyədən səfər edənlərin sayı 163 905 olub. İki ölkə arasındakı qardaşlıq münasibətləri, viza rejiminin olmaması və müştərək mədəni dəyərlər bu turizm axınının əsas amillərindəndir.

Məlumat üçün bildirək ki, Rusiya, Hindistan və Türkiyədən Azərbaycana səfər edənlər bütün turistlərin 53,9%-ni təşkil edir. Bu, o deməkdir ki, ölkəmizi ziyarət edən hər iki turistdən biri məhz bu ölkələrin payına düşür.

 

2023-cü ildə Azərbaycana 114 322 hindistanlı turist səfər etmişdisə, 2024-cü ildə onların sayında 121 303 nəfər və ya 2,1 dəfə artım qeydə alınıb.

Ötən il həmçinin ölkəmizə gələn rus turistlərin sayında artım müşahidə olunub. Belə ki, 2024-cü ildə Azərbaycana səfər edən rus turistlərin sayı 2023-cü ilin göstəriciləri ilə müqayisədə 97 972 nəfər və ya 19,5% çox olub.

Qardaş Türkiyədən ölkəmizə səfər edən turistlərin sayındakı artım 22,4% və ya 30 042 nəfərə bərabər olub.

2024-cü ildə Şərqi Asiya ölkələrindən Azərbaycana gələn turistlərin sayı da artıb. Çinli turistlərin sayı əvvəlki ilin göstəriciləri ilə müqayisədə 19 097 nəfər (90,8%), Cənubi Koreyadan olan turistlərin sayında isə 6 363 nəfər və ya 88,9% artım müşahidə olunub.

 

2024-cü ildə ölkəmizə gələn xarici turistlərin 56,79%-i gecəni Bakı şəhərində, 5,12% şimal bölgəmiz olan Qusar rayonunda keçiriblər. Növbəti sırada  Qusar rayonuna qonşu olan Quba rayonu yer alıb. Quba ərazisində gecələyən turistlərin sayı ümumi gecələmələrin 5,04%-ni təşkil edib.

Azərbaycanın əsas turizm bölgələrindən sayılan Qəbələ rayonu 4,79% ilə 4-cü, 4,47% ilə Abşeron rayonu isə beşinci pillədə yer alıb. Ümumi gecələmələrin 23,78%-i isə digər rayonların payına düşüb.

 

Azərbaycan və Ermənistanın Dövlət Statistika Komitələrinin, Gürcüstanın isə Turizm Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən, hər üç ölkəyə səfər edən turistlər arasında Rusiyadan gələnlərin sayı üstünlük təşkil edib.  2024-cü ildə Azərbaycana gələn rusiyalı turistlər ümumi turistlərin 32,35, Gürcüstana səfər edənlərin 21,87, Ermənistana səyahət edənlərin isə 49,50%-ni təşkil edib.

Gürcüstana gedənlər arasında azərbaycanlılar üçüncü sırada yer alır və ümumi turistlərin 16,43%-ni təşkil edib.

Ermənistana gedən turistlər arasında ikinci və üçüncü sıranı ardıcıl olaraq Gürcüstan (14,04%) və İran (9,31%) vətəndaşları tutur.