Arayik Harutyunyanın necə saxlanıldığı açıqlanıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclasında məlumat verilib.
Dövlət ittihamçısı Vüsal Abdullayev bildirib ki, lokal xarakterli antiterror əməliyyatları nəticəsində Harutyunyan Arayik Vladimiri (Vladimiroviç) 2023-cü il oktyabrın 3-də yaşadığı Xankəndi şəhərində yerləşən fərdi yaşayış evində tərksilah edilməklə saxlanılıb və yaşadığı evin həyətyanı sahəsində aparılmış axtarış zamanı oradan “AK-74” markalı avtomat silahları, döyüş sursatı hesab edilən 5 min 25 ədəd patron və digər silah və döyüş sursatı aşkar edilərək götürülüb.