Son zamanlar Azərbaycanda kiçik həcmli mühərrikli avtomobillərə maraq olduqca artıb.

“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, həm avtomobillərin satışı, həmçinin ekspertlərin verdiyi məlumata görə son illərdə bu cür avtomobillər daha çox maraq dairəsindədir. Buna görə də istifadəçilər tərəfindən daha çox alışı həyata keçirilir.

Avtomobil məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, bunun bir neçə səbəbi var:

“Ən əsas səbəb dünya bazarında neftin qiymətinin qalxmasıdır ki, bu da birinci növbədə sürücüləri maraqlandıran məsələdir. Digər tərəfdən isə, mühərrik həcmi kiçik olan avtomobilləri əsasən taksi sürücüləri istifadə etdiyi üçün bu da sözügedən avtomobillərə olan marağı və tələbatı artırır”.

Ekspert həmçinin əlavə edib ki, Azərbaycanda İcbari Sığorta qiymətlərinin dəyişməsi və taksi qiymətlərinin yüksəlməsi də kiçik mühərrikli avtomobillərə olan marağı artırır:

“Çünki, bu avtomobillər daha qənaətlidir və benzini digər avtomobillərə nisbətən daha az sərf edir”.

Ekspert onu da qeyd edib ki, hazırda bu tendensiya nəinki Azərbaycan bazarında, eləcə də Avropa bazarlarında özünü göstərir.

Müəllif: Türkan_zadə