Tətbiqi proqramlaşdırma interfeysi (API) və İnterfeysdə məlumat mübadiləsi ilə bağlı Mərkəzi Bank tərəfindən müəyyən edilən texniki konfiqurasiyalar Mərkəzi Bankın rəsmi internet səhifəsi vasitəsilə açıqlanır.

Heftelik.az xəbər verir ki, bu, Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblərdə əksini tapıb.

Mərkəzi Bank öz rəsmi internet səhifəsində yaradılmış elektron kabinet vasitəsilə üçüncü tərəf təchizatçının API şlüzə qoşulmasını və müvafiq xidmətlər üzrə sınaqlar keçirməsini təmin edir. İnformasiya təhlükəsizliyi üzrə yol verilmiş pozuntularla bağlı Mərkəzi Bankın icrası məcburi göstərişlərini icra etməmiş ödəniş xidməti təchizatçısı API şlüzə qoşula bilməz. API şlüzə qoşulan iştirakçılar bu Tələblərə 1 nömrəli Əlavədə göstərilən qoşulma protokolunu imzalayırlar. Mərkəzi Bank yeni qoşulan iştirakçı haqqında digər iştirakçılara elektron və ya kağız daşıyıcıda məlumat göndərir.