İnvestisiya şirkəti həyata keçirdiyi əməliyyatların və apardığı əməliyyatlarla bağlı müştəri şikayətlərinin uçotunu aparır.
Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.
Uçot elektron formada və ya kağız daşıyıcıda aparılır. İnvestisiya şirkətinin apardığı əməliyyatların uçotu aşağıdakıları əhatə edir:
– müştəri sifarişlərinin uçotu;
– qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə apardığı əməliyyatların uçotu;
– pul vəsaitlərinin uçotu.
Müştəri sifarişlərinin qəbulu və icrası fəaliyyətini həyata keçirən investisiya şirkəti müştəri sifarişini aldığı gün aşağıdakı məlumatları uçota almalıdır:
– müştərini eyniləşdirən məlumatlar;
– müştəri ilə bağlanmış müqavilənin nömrəsi və tarixi;
– sifarişin növü;
– sifarişin verilmə forması (telefon, elektron, digər vasitələr);
– sifarişin icraya qəbul edilmə tarixi, vaxtı və nömrəsi;
– sifarişin qüvvədə olma müddəti;
– sifarişin predmeti;
– sifarişi qəbul edən məsul şəxsin adı və soyadı, atasının adı və vəzifəsi;
– müştərini səlahiyyətli nümayəndəsi təmsil etdikdə, həmin şəxsin eyniləşdirilmə məlumatları (fiziki şəxs olduqda – adı, soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi (bu olmadıqda şəxsiyyəti təsdiq edən sənədin növü və nömrəsi), hüquqi şəxs olduqda – hüquqi şəxsin tam adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).
