İşgüzar münasibətlərin qurulmasından əvvəl maliyyə institutu xarici maliyyə institutundan aşağıda göstərilmiş sənədləri və məlumatları əldə edir, onları etibarlı mənbələr (həmin xarici maliyyə institutuna nəzarəti həyata keçirən orqana sorğular göndərməklə və ya rəsmi nəşrlər və mənbəyi məlum olan digər etibarlı mənbələr) vasitəsilə yoxlayır, onlarla bağlı risk qiymətləndirməsini aparır.

Heftelik.az-ın məlumatına görə, bu, Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasında əksini tapıb.

Eyni zamanda işgüzar münasibətlərin qurulmasının risklərinə dair hesabat hazırlayır və risklərin idarə edilməsi üzrə tədbirlər görür:

– xarici maliyyə institutunun nizamnaməsinin və ya hüquqi statusunu əks etdirən digər sənədin, habelə qeydiyyatdan keçdiyi ölkədə müvafiq dövlət qurumu tərəfindən maliyyə institutunun fəaliyyətinə icazə verən sənədin surətləri;

– Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulduğu və ya xarici maliyyə institutunun yerləşdiyi ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda həmin ölkənin səlahiyyətli orqanı tərəfindən (maliyyə bazarlarına nəzarət orqanı və ya digər səlahiyyətli qurum) işgüzar münasibətin qurulmasına verilmiş icazənin surəti;

– xarici maliyyə institutunun idarəetmə orqanları, təşkilati strukturu, benefisiar mülkiyyətçiləri, rəhbər(lər)i, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə məsul şəxsi haqqında məlumat, onların şəxsiyyətini təsdiq edən, habelə şəxslərin benefisiar mülkiyyətçi olduqlarını təsdiq edən sənədlərin surətləri, habelə notariat qaydasında təsdiq edilmiş hesab üzrə sərəncam vermək hüququ olan şəxs(lər)in imza nümunələri və xarici maliyyə institutunun möhürünün əksi;

– xarici maliyyə institutunun ən azı son maliyyə ili üçün auditor yoxlamasından keçmiş illik maliyyə hesabatlarının və auditor rəyinin surəti;

– xarici maliyyə institutunun işgüzar nüfuzu, habelə xarici maliyyə institutuna və ya onun benefisiar mülkiyyətçilərinə, hər hansı rəhbər şəxsinə və yaxud cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə məsul şəxsə qarşı səlahiyyətli qurum tərəfindən hər hansı cinayətə görə hazırda istintaq hərəkətlərinin aparılması, hazırda və ya keçmişdə məsuliyyətə cəlb edilməsi və ya son 5 (beş) il ərzində xarici maliyyə institutuna münasibətdə nəzarət tədbirlərinin görülməsi barədə məlumat və bu məlumatı təsdiq edən sənədlərin surətləri;

– cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə xarici maliyyə institutunun daxili nəzarət sistemi, o cümlədən öz müştərilərini tanıması üçün tətbiq etdiyi tədbirlər barədə məlumatlar və bu sahədə təsdiqlənmiş daxili siyasət, qayda və prosedurlar;

– xarici maliyyə institutunun əsas fəaliyyət istiqamətinə, biznes modelinə, müştəriləri üçün təklif etdiyi xidmət növlərinə və hazırkı müştəri kateqoriyalarına (hüquqi şəxslər, fiziki şəxslər, xarici vətəndaşlar, siyasi xadimlər və s.) dair məlumat;

– maliyyə institutu tərəfindən tələb edilən dövr (ən azı son bir il, bir ildən az fəaliyyət göstərdikdə isə fəaliyyətini əhatə edən dövr) ərzində xarici maliyyə institutunun apardığı əməliyyatların növlərinə və sayına dair məlumat;

– xarici maliyyə institutunun fəaliyyət göstərdiyi ölkə (xarici maliyyə institutu holdinq şirkətinin tərkibində olduqda, holdinq şirkətinin qeydiyyatda olduğu ölkə), xarici maliyyə institutunun 50% və 50%-dən çox paya malik olduğu törəmə təşkilatları və filiallarının yerləşdiyi ölkələr, o cümlədən onların xidmətlərindən istifadə edən üçüncü tərəflərin yerləşdiyi ölkələr, habelə qeyd olunan ölkələrdə tətbiq olunan tənzimləmə və nəzarət (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə normativ hüquqi çərçivə) haqqında məlumat;

– xarici maliyyə institutu ilə işgüzar münasibətdə olan digər maliyyə institutlarının ölkələri və həmin ölkələrdə onların dövlət nəzarəti ilə əhatə edilib-edilməməsi haqqında məlumat;

–  xarici maliyyə institutunun xidmətlərindən istifadə edən digər maliyyə institutlarının işgüzar nüfuzuna dair məlumat.