Yolun buz bağlaması səbəbindən Bakı Beynəlxalq Avtovağzalın qarşısından Bakı Dariəvi avtomobil yolu-Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Daxili İşlər Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, sürücülərdən sürət həddini hava şəraitinə uyğun tənzim etmələri, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinmələri xahiş olunur.

Təcrübəsi az olan sürücülərə buz bağlayan yollarda avtomobil idarə etmək tövsiyə edilmir.

Bildirilib ki, hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır.

Bakı Şəhər İcra Hakimiyyətindən Heftelik.az-a verilən məlumata görə, Bakıda xüsusi təyinatlı texnika tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib. Axşam saatlarından etibarən qurumun kommunal strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bununla əlaqədar müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb.

Qeyd edək ki, ümumilikdə bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-ə yaxın işçi qüvvəsi cəlb edilib.