“Yazın qırxlı çağı”dır…

Bu aya “Boz çillə, “Ala çillə”, “Ağlar-Gülər”, “Çıxçömbəl” də deyiblər

Bilirsiniz hər şey nədən başladı? Aylara ad qoymaqdan…Günləri aylara bölüşdürməkdən…Əfsanəyə görə, bir vaxtlar günlər sıra ilə düzülübmüş. Yəni ay-filan yoxmuş. Dədə-babalarımız görüblər ki, ilin günlərini qarışıq salmağa başlayıblar. Ona görə də ayları yaradırlar… Döl ayı, Dölardı, Qırovdüşən, Qarbasan, Böyük Çillə, Qaraqış, Kiçik Çillə, Yalquzaq, Körpə, Ağlar-güləyən, Əmlik, Yüz, Yaylaq, Qorabişirən,  Küz…

…Günləri aylara yığırlar. Hər aya 32 gün verirlər, boz aya 14 gün qalır. Görürlər ki, Boz ay inciyir, ayların payından bir neçə gün verirlər Boz aya. Onlar olur 31 gün, Boz ay olur 25 gün. Görürlər ki, Boz ay yenə razılaşmır. Qayıdıb aylardan yenə bir  gün istəyir. Ayların yarısı deyir ki, daha 31 günümüz var, verə bilmərik. O biri yarısı isə boz aya 1-2 gün verir. Boz ay olur 31 gün. Qalan ayların bəzisi 31 gün, bəzisi 30  gün, biri isə 28 gün olur. Boz ay günlərin çoxunu o biri aylardan aldığı üçün havası da qarışıqdır. Çünki soyuq günləri qış aylarından, isti günləri yay aylarından, yağışlı günləri yaz və payız aylarından alıb.

Qışın verdiyi günlərin adı Ala Çalpo və ya Ala Çalpoy(v) imiş…Küləkli, yağışlı qara, fırtına və çovğunlu havaya Ala Çalpo deyirmişlər. Ala Çalpoy adətən Kiçik Çillədən sonra, Boz ayın ilk günlərində özünü göstərir…Bu dəfə Ala Çalpoy tələsib Boz ayın gəldiyini xəbər verdi… Xalq təqviminə görə Ala Çalpoda (Kiçik Çillənin sonu-Boz ayın əvvəlinə düşən günlər) yazın birinci həftəsində əsən quru soyuq küləklərə “Xıdır Nəbi küləyi” adlandırılır (Bu il quru soyuq küləklər 3-4 gün tez başlamışdı). Həmin küləklərdən sonra ağaclar puçurlamağa (açmağa) başladığından ona bəzən “puçur yeli” də deyilir.

 

Bəs Ala Çalpoy nədir? Ala Çalpo rəngdir, bu rəng ağ rəngin başqa rənglərlə qarışığından ibarətdir, canlı və cansız dünyada rəng əlamətlərindən biridir. Bu söz (və ya rəng) alalıq, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, adda-buddalıq, qeyri müəyyənlik və s. rəngləri, xassələri ifadə edir.

“Bir atı var, Alapaça, Aman vermir Qırat qaça”- deyən Koroğlunun Giziroğlunun atını tərifləməsini yəqin ki, xatırlayırsınız. Alapaça, yəni paçalarının arası ağ olan kəhər at; alanəm-qurumamış, yaş; alakölgə-həm işıqlı, həm kölgəli yer və s. Rəng və əlamətlə yanaşı, ala sözü “Kitabı Dədə Qorqud” dastanlarında hündür (“Ala çadırın yer üzünə dikdirgil”, “Qarşı yatan ala dağdan bir oğul uçurdunsa degil mana” və s.), böyük (“Ala barigah otağını çox görmüşəm”, “Ala yorğan içində”), səmt, istiqamət, tərəf (“Başın ala baxar olsam, başsız ağac! Dibin ala baxar olsam dibsiz ağac!”) və s. mənalarında işlədilir.

Fevralın 21-22-dən martın 21- 22-nə qədər olan Boz ayı “Yazın qırxlı çağı” sayırlar. Əvvəllər bu ay “Boz çillə”, “Ala çillə”, “Ağlar-Gülər”, “Çıxçömbəl” adları ilə də tanınıb, bu sözlər indi də yaddaşımızın dərinliklərində ilişib qalıb.

Xalq təqvimində Boz ay Döl ayı kimi də tanınır. Bu ay fevralın 22-dən martın 22-dək davam edir… “Boz ayımız bozarsa da döl ayıdır ki, döl ayıdı”, – deyimi bununla bağlıdır. Bu ayda qoyunlar quzulayar, quzular mələyər, ata-babalarımız deyiblər ki, “Döl düşdü, bərəkətdən göl düşdü”. Bir də belə vaxtda söyləyərlər ki, “Quzuların səsindən qış səksənər, köynək-köynək ət tökər”.

Düz 30 gün, yəni Novruz bayramına qədər hava gah bozaracaq, gah qaralacaq, gah da gün çıxacaq.  “Boz ay bozara-bozara keçər”-məsəli təsadüfi deyilmir.

Boz ay hər biri 7 gündən ibarət 4 həftəyə – çilləbeçəyə bölünür. Üç “doğru çərşənbə” (“doğru çərşənbə”, “doğru buğ”, “doğru üskü”) və İlaxır çərşənbə “Boz ay”dadır.

Boz ayımızda salamatlıq olsun!

 

AMEA Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi,

 t.ü.f.d., dosent Bəhmən Fazil oğlu Əliyev