Azərbaycanda yas mərasimlərində dualar oxunur, dini mərasimlər həyata keçirilir. Bunu həyata keçirmək isə mollaların öhdəsinə düşür. Mollalar bu işi müəyyən bir məvacib qarşılığında keçirirlər. Bu onların maddi təminatı üçün lazım olsa da, bəzən qiymətlərin həddən artıq olması ev sahibini çətin vəziyyətə salır.
“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, Bakıda olan dini xadimlərin sözlərinə görə, ümumiyyətlə, bu mərasimlərin aparılması üçün konkret bir məbləğ danışılmır. Bu dini nöqteyi nəzərindən də məqbul sayılmır. Əgər ev yiyəsi keçirdiyin mərasimin qalan günlərində də həmin mollanı çağırmaq istəsə o zaman ona müəyyən bir məbləğ verir.
Bölgələrdə də bu məsələ ilə bağlı eyni vəziyyətdir. Belə ki, İsmayıllı sakinlərinin verdiyi məlumata görə, burada yas mərasimləri çox ağır və baha başa gəlir. Keçirilən mərasimlər zamanı mollalara verilən məbləğ isə 100-300 manat arası dəyişir. Bu məbləğ ev yiyəsi ilə molla arasında danışıqlar əsasında müəyyənləşir. Lakın rayon din xadimlərinin məlumatına görə, bu heç də belə deyil, rayonda keçirilən yas mərasimi üçün konkret bir məbləğ danışılmır – ev yiyəsinin təklif etdiyi məbləğ ilə razılaşıb məclis idarə olunur.
Tovuz sakinlərinin sözlərinə görə, burada mollalar heç bir qiymət danışmırlar. Onlar məclisi 60-80 manat arası məbləğ müqabilində idarə edirlər. Hətta, daha aşağı məbləğ belə təklif olunarsa onlar buna etiraz etmirlər. Rayonda fəaliyyət göstərən din xadimlərinin sözlərinə görə, hazırkı maddi vəziyyətlə əlaqədar olaraq qiymət danışmaq düzgün olmaz: “Kimin gücü hansı mğbləğə çatırsa onunla da razılaşıb məclisi idarə edirik”.
Yas mərasimlərini idarə edən mollaların təhsili önəmli mövzu olduğu üçün bu barədə Dini Qurumlarla İş üzrə Dövlət komitəsindən məlumat əldə etmək istənilsə də onlar bununla bağlı məlumat verilməyiblər.
Müəllif: Türkan_zadə