Vergi orqanlarının  əlaqəli məlumatlara əsasən vergiləri, cari vergi ödəmələrini, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqlarını hesablamaq hüququ var.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Kameral yoxlama zamanı bəyannamədə, hesabatda və ya arayışda vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqlarının düzgün hesablanmaması (vergi məbləğinin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqlarının az və ya artıq göstərilməsi) aşkar edildikdə və (və ya) kameral yoxlama aparmaq üçün bəyannamələr, hesabatlar, arayışlar, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə vergi orqanlarının aşağıdakı əlaqəli məlumatlara əsasən vergiləri, cari vergi ödəmələrini, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqlarını hesablamaq hüququ vardır:

– vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş bəyannamələr və hesabatlar;

– vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar;

– vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar;

– vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar;

– vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar;

–  vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar;

–  vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;

– vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;

–  vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.