Son zamanlar ölkə bazarlarında donuz ətinə tələbat artıb.

“Heftelik.az” “ARB TV”yə istinadən məlumat verir ki, bazarlarda aparılan sorğular zamanı bu nəticəyə gəlinib.

Ölkədə donuz ətinin az istifadə olunması, əsasən, dana, quzu və qoyun ətlərinin daha çox tələb olunmasına baxmayaraq, son dövrlərdə qaban və donuz ətinin alışında da artım özünü göstərir. Sakinlərdən alınan məlumata görə, onların əksəriyyətinin dana və quzu ətlərinə müraciət etmələrinə baxmayaraq, bəziləri məhs qaban vəya donuz əti almaq üçün bazara gəldiyini söyləyib.

Satıcıların verdiyi məlumata görə isə, əgər əvvəllər 2-3 kq donuz əti satırdılarsa, hazırda bu 50-60 kq-a qədər artıb. Tələbatın artmasına səbəb isə donuz ətinin daha ucuz olması və müxtəlif kafe və restoranlarda məhs bu ətdən istifadə olunmasıdır. Onlar bildiriblər ki, kolbasa və xəngəl kimi ət ilə hazırlanan yeməklərdə donuz ətindən daha çox istifadə edilir. Bu həm onların dadını yaxşı edir, həmçinin sahibkara daha ucuz başa gəlir. Bu səbəbdən də donuz və qaban ətinin daha çox alıcıları kafe restoran sahibləri və Rusiya vətəndaşlarıdır.

Satıcıların sözlərinə görə, bazarda təklif olunan donuz ətləri həm yerli istehsal (əsasən İsmayıllı, Şəki, Qəbələ kimi rayonlardan gətirilir), həmçinin xaricdən istehlak olunan məhsullardır.

Qida mütəxəssisi Seymur Qafarovun bildirdiyinə görə, bu ətlərdən istifadə edən zaman əhali ehtiyyatlı olmalıdır. Çünki, qoyun və dana ətlərinin bişmə temperaturundan fərqli olaraq donuz ətinin bişməsi daha çox zaman və yüksək temperatur tələb edir. Belə ki, bu ətin tərkibində olan xüsusi bakteriyalar və qurdlar düzgün bişirilmədiyi halda asanlıqla insan orqanizminə keçir və çox güclü nevroloji fəsadlar yarada bilir.

Bundan başqa, mütəxəssisin bildirdiyinə görə, ətin mənşəyindan əmin olmaq üçün vətəndaşlar satıcıdan baytarlıq şəhadətnaməsini tələb etməlidirlər.

Müəllif: Türkan_zadə