Fevralın 16-da Təbriz Mədəniyyət Həftəsinin bağlanış mərasimində böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından iki bənd oxuduğu üçün irad tutulan İran Prezidenti Məsud Pezeşkian indi də ABŞ-a Azərbaycan dilində məşhur bir məsəllə mesaj verib.

Heftelik.az-ın məlumatına görə, Tehranda bir mərasimdə çıxış edən Məsud Pezeşkian ABŞ-la müzakirə ehtimalına münasibət bildirib.

İran Prezidenti deyib ki, Tehran müzakirələrə qarşı deyil, ancaq istənilən şərt çərçivəsində müzakirə aparmayacaq, qarşılıqlı hörmət əsas götürülməlidir.  Məsud Pezeşkian daha sonra aşağıdakı məşhur Azərbaycan məsələni xatırladıb:

Keçmə namərd körpüsündən,

Qoy aparsın sellər səni.

Yatma tülkü kölgəsində,

Qoy yesin aslanlar səni.

Qeyd edək ki, Məsud Pezeşkian prezident seçkisi kampaniyası dönəmində Azərbaycan türkü olmasıyla fəxr etdiyini, ailəsində övladlarıyla fars deyil, türkcə danışdığını söyləməsiylə diqqət çəkmişdi.