Xəbər verildiyi kimi, Zaqatala rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Heftelik.az-a veriən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində toplanmış sübutlar əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “14 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamal oğluna Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsməni təşkil etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Qudayev Muhuma Məmmədəli oğluna isə həmin Məcəllənin 259.4, 32.5, 309.2 və 32.5, 313-cü maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayət əməlinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
Qeyd edək ki, ilkin istintaq-əməliyyat tədbirləri ilə Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolu üzərində yerləşən 1100-dən çox ağacın təhlükəsizlik məqsədi ilə budanması işləri çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qudayev Muhuma Məmmədəli oğlunun başqa şəxsin adından “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamal oğlu ilə müqavilə bağlayaraq 15-16 fevral 2025-ci il tarixlərində həmin ərazidə ümumilikdə 140 ədəd ağacı qanunvericiliyə zidd formada, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ekoloji tələblərinə riayət etmədən budayaraq zərər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, sözügedən işlər müvafiq təcrübəyə malik olmayan şəxslər tərəfindən, bir çox ağacların alt yarus budaqları götürülməklə və estetik görünüşü korlanmaqla həyata keçirilib, bu işlərdə aidiyəti nəzarət təşkilatlarının iştirakı təmin edilməyib.
İstintaq zamanı Muhuma Qudayevə məxsus olan 4 obyektə baxış keçirilərək budanmış ağacların hissələri aşkar olunub saxlanca verilib.