Azərbaycanda istixana təsərrüfatına meyl hər il getdikcə azalmağa doğru gedir.
“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, son zamanlar aparılan araşdırmalar göstərir ki, ətraf bölgələrdə olan istixana təsərrüfatı olduqca azalıb.
Dövlət Statistika komitəsini verdiyi məlumata görə, keçən il bu təsərrüfat sahəsindən istifadə 5.9% azalıb. Bu, xüsusilə, istixanalarda yetişdirilən pomidorların payına düşür. Belə ki, 2024-cü ildə yetişdirilən “istixana pomidoru” 2023-cü ildə yetişdirilənlərdən 16.4 % azlıq təşkil edir.
Təsərrüfat sahibləri bunun bir neçə səbəbinin olduğunu bildirirlər.
Tovuz rayonunda təsərrüfat sahibi olan Səlahəddin Rzayev bildirib ki, ötən il istixanada yetişdirdikləri 2 hektar pomidorun Rusiya bazarında satılan qiyməti ilə hətta yol haqqı belə ödəmək mümkün olmadı. Çünki yol xərcləri həddən artıq bahalaşıb. Buna görə də, artıq istixanada pomidor yetişdirməkdən imtina edib.
S. Rzayev həmçinin onu da söyləyib ki, bu il istixana şəraitində xiyarın yetişdirilməsi ilə məşğul olurlar. Çünki, bu tərəvəzin yetişdirilməsinə olan xərc daha aşağı maliyyəyə səbəb olur.
Ucar rayonunda da istixanalarla olan vəziyyət heç də ürək açan deyil. Sahibkarların sözlərinə görə, rayon ərazisində bu təsərrüfata olan maraq hər il getdikcə azalır və istixanalar bir-bir ləğv edilir. Onların sözlərinə görə, yetişdirilmiş məhsulu Bakıda rayon qiymətinə alındığı üçün əlavə xərc olmasın deyə rayon bazarında satmağa çalışırlar. Rayon ərazisi də kiçik olduğu üçün tələbat o qədər də çox olmur. Bundan əlavə, istixanaların müəyyən istiliklə, tərəvəzlərin su ilə təmin olunması hazırda çox çətin olduğu üçün bunun müqabilində isə sonda məhsul dəyərindən aşağı qiymətə alındığı üçün sahibkarlar bu təsərrüfatdan imtina edirlər.
Onların sözlərinə görə, əgər bu sahədə dövlət tərəfindən hər hansı bir güzəştlər və ya köməklik olunarsa yenidən istixana təsərrüfatına olan maraq artar.
Müəllif: Türkan_zadə