Son günlər yağan qar Bakı və bölgələrdə ciddi fəsadlar törədib.

“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, sakinlər son günlərdə yağan qarın təsirindən müxtəlif çətinliklər yaşayırlar. Belə ki, qarın yağmasının birinci günü yollarda vəziyyət normal olsa da, ötən gün avtomobillərin hərəkətində xeyli problemlər yaranıb. Bu səbəbdən də, dayanacaqlarda avtobus gözləyən sərnişinlər burada xeyli dayanmalı olublar.

Paytaxtın Bakıxanov qəsəbəsi, Sülh küçəsində yaşayan sakinlər isə qarın yağması ilə çox naçar bir duruma düşüblər. Belə ki, binanın zirzəmisi çirkab suları ilə dolu olduğu üçün qarlı hava oradakı ağcaqanadların mənzillərə yayılmasına səbəb olub. Sakinlər bildirirlər ki, nə qədər dərman vasitələrindən istifadə etsələr də, bu həşəratlardan qurtula bilmirlər.

Bölgələrə də güclü qar fəsadlarını göstərib. İmişli rayonu İkinci Cəfərli kəndinin sakinləri bildiriblər ki, onsuz da yolları normal hava şəraitində də yararsız vəziyyətdə idi, qarın yağması ilə isə bu yollarda hərəkət tamam iflic halına düşüb. Sakinlər bildiriblər ki, bu hallarda evdə xəstə olan zaman təcili yardımın çağrılması qeyri mümkün hala gəlir. Çünki gələn maşın da yolda batıb qalır.

Qəbələnin Vəndam qəsəbəsində də mövcud hadisə problemlər yaradıb. Belə ki, qarın yağması ilə bu ərazidə təbii qazın verilməsində çətinliklər yaranıb.

Zaqatala rayonundan verilən məlumata görə isə, Gürcüstan istiqamətində gedən əsas yolda hərəkət çətinləşib. Onların sözlərinə görə, yolun bu vəziyyətdə olmasının əsas səbəbi qar yağan gündən yolda heç bir təmizlik işlərinin aparılmamasıdır.

Müəllif: Türkan_zadə