Cəlilabad rayonunda hazırda sosial cəhətdən saymaqla bitməyən problemlər sakinləri təngə gətirib. Onların sözlərinə görə bu problemlərlə dəfələrlə əlaqədar orqanlara müraciət etmələrinə baxmayaraq, şikayətlərinə baxılmır.

“Heftelik.az” “ARB”yə istinadən məlumat verir ki, rayon sakinləri məktəb, yol, işıq və sair sahələrdə çox çətinliklər yaşadıqlarını bildirirlər.

Belə ki, rayounun “Maşlıq” kənd məktəbi acınacaqlı vəziyyətdədir – 60 ildən çox yaşı olan bu məktəb 1 dəfə belə olsun təmir olunmayıb. Nəticədə isə hazırda məktəb uçmaq təhlükəsi ilə üz-üzədir. Kənd sakinlərinin verdiyi məlumata görə, onlar bu məktəbin məzunu olublar və hazırda da nəvələri bu məktəbdə təhsil alır. O vaxtdan bu yana isə məktəb təmir üzü görməyib.

Rayonun “Pərdi” kənd məktəbində isə məktəbi sökülərək yenidən tikilməsinə baxmayaraq burada istilik sisteminin olmaması şagirdlərin dərsə davamiyyətində ciddi problemlər yaradır. Kənd sakinlərinin sözlərinə görə, sinif otaqlarında bayırdakı soyuq ilə eyni havanın olması şagirdlərin tez-tez xəstələnməsinə səbəb olur. Buna görə də onlar məktəbə getməkdən imtina edirlər.

Rayonun Göytəpə kənd sakinləri isə yolsuzluqdan əziyyət çəkirlər. Belə ki, kəndin əsas yolunun bir hissəsi çınqıl daşları ilə örtülsə də qalan hissəsi çox bərbad vəziyyətdədir. Normal hava şəraitində yolun bu hissəsindən istifadə etmək mümkün olmur, yağışlı havalarda isə bu yolda hərəkət etmək ümumiyyətlə mümkün deyil. Hətta təcili yardım, yanğınsöndürən maşınlar belə baş vermiş hadisə zamanı yolun bu hissəsində hərəkət edə bilmirlər. Bundan başqa, kənd sakinləri həmçinin işıqsızlıqdan əziyyət çəkirlər. Onların sözlərinə görə, bu problemlə əlaqədar aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də onların problemlərinə baxılmayıb. Sakinlər də əlacsız qalaraq kortəbii yolla işıq dirəkləri vasitəsilə özləri işıq xəttləri çəkiblər. Bu xəttlər isə havanın bir qədər küləkli olması ilə bir-birinə dolanır və nəticədə qısaqapanmalar sayəsində evlərdə istifadə olunan müxtəlif texnika vasitələri sıradan çıxır.

Bütün bu problemlərlə əlaqədar olaraq aidiyyatı qurumlarla saxlanılan əlaqə zamanı mövcud vəziyyətin araşdırılaraq həll olunacağı bildirilib.

Belə ki, kənd məktəblərində olan problemlə əlaqədar Regional Təhsil İdarəsinin əməkdaşı Tural Kərimov bildirib ki, Maşlıq kənd məktəbinin hazırkı vəziyyəti ilə bağlı məlumatlıdırlar və məktəb sökülərək yeni bina ilə əvəz olunacaq. T.Kərimov bildirib ki, məktəblərin təmir və tikintisi növbəlilik və prioritetlik prinsipi ilə nəzərdə tutulduğu üçün növbə çatan zaman bu məktəbin tikintisi də reallaşacaqdır.

Rayonunun Pərdi kənd orta ümumtəhsil məktəbi isə 16 sentyabr 2024 cü ildə istifadəyə verildiyi üçün məktəbin təbii qazla təmin olnmasına texniki sənəd alınmalıdır. Bunun üçün aidiyyatı qurumlara müraciət olunub. Problemin tezliklə aradan qaldırılması üçün müvafiq işlər görülür.

Rayonun Göytəpə kəndində mövcud olan işıq problemi ilə əlaqədar olaraq “Azərişıq ASC”nin Cəlilabad filialından bildirilib ki, məsələ ilə bağlı tez bir zamanda araşdırmalar aparılacaq və mövcud problem aradan qaldırılacaq.

Göytəpə kəndinin bir digər promlemi olan yolların vəziyyəti ilə bağlı isə Cəlilabad rayonu Göytəpə bələdiyyəsindən məlumat veriblər ki, 2024-cü ildə kənd yollarının bir sıra hissələri təmir olunub. Sözügedən yolun isə bir hissəsi təmir olunsa da qalan hissəsində olan problemin aradan qaldırılması 2025-ci ildə nəzərdə tutulub.

Müəllif: Türkan_zadə