“Su həq didarını görmüş, mən bu su ilə xəbərləşəlim”

Azərbaycan xalqının ən qədim mifoloji mətnlərindən birində Tanrının dünyanı sudan yaratmasından danışılır. Dünyanın sudan yaranması haqqında mifik təsəvvür dünyanın bir çox qədim xalqları arasında da yayılıb. Hətta “Kitabi Dədə Qorqud”da Qazan xan “su həq didarını görmüş, mən bu su ilə xəbərləşəlim” deyir, elə buradan da aydın görünür ki, ən qədim ədəbi abidəmizdə suyun tanrını görməsi fikri əksini tapır. Suyun müqəddəsliyi, yaşamın mənbəyi olması haqqında şifahi xalq yaradıcılığından qaynaqlanan çoxlu faktları  sadalamaq mümkündür. Yəqin ki, təsadüfi deyil ki, Boz ayda keçirilən 4 doğruçu çərşənbədən birincisi, Əzəl çərşənbə adlanır. KİV-in su çərşənbəsi kimi tanıtdığı “Əzəl çərşənbə” xalq arasında  “birinci çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.

Su çərşənbəsində sular təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını-bezarını ona vərənlər il boyu xəstəlikdən uzaq olarlar.

Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifologiyasında xüsusi yer tutur.

Su ilə bağlı sınamalar:

İlk çərşənbədən başlayaraq qonşuya axşamcağı ələk, maya, od verilməz. Zərurət olanda istəyə gələnin başından örpəyini götürüb sonra verərdilər. Çərşənbədə evə süpürgə çəkmək olmazdı.

Su ilə bağlı inanclar:

Süfrəyə su dağılması aydınlıqdır.

Su içən adamı qəfil vurmazlar.

Lal axan sudan keçməzlər.

Yuxuda su görmək aydınlıqdır.

Səfərə çıxan adamın arxasınca su atarlar.

Odu su ilə söndürmək günahdır.

 

Su ilə bağlı atalar sözləri:

Su səhəngi suda sınar.

Suyun lal axanı, adamın yerə baxanı.

Su bir yerdə qalanda iylənər.

Su gələn arxa bir də gələr.

 

Çərşənbəniz mübarək! Dərdləriniz sularda axsın, getsin!