Vətəndaşın ildə bir dəfə məzuniyyətə çıxmadan 5-10 gün istirahət etməsi niyə bəzilərində nararahatlıq yaradır?
Həyatımız o qədər intensivləşib ki, birdən başımızı qaldırıb baxırıq ki, ömrümüzdən aylar-illər keçib, özümüzə, istirahətimizə bir neçə gün belə ayıra bilməmişik. Halbuki sosial-psixoloji tədqiqatlar təsdiqləyir ki, işçinin daha keyfiyyətli iş görməsi, yüksək əhval-ruhiyyə ilə çalışması onun sosial təminatı ilə yanaşı, istirahəti ilə də sıx bağlıdır. Hələ qədimlərdən ata-babalarımız deyiblər ki, “ildə bir dəfə yaylağa getməyən iylənər”. Bir az qəribə səslənsə də bu məsəl daha çox frazeoloji məna daşıyır, qısacası, mümkün olduqca işdən ayrılıb rahatca nəfəs almaq lazımdır.
İstirahət haqqında danışanda dərhal pulun olması və ya olmaması arqumenti qabardılır. Əlbətdə istirahət günlərini daha rəngarəng keçirmək, uzaq ölkələrə getmək üçün xeyli vəsaitə ehtiyac var. Ancaq kredit götürüb istirahətə gedənlərin və ya borc alıb istirahətə gedənlərin olması da hamımıza məlumdur. Bəyəm bu istirahətdir? “Ayağını yorğanına görə uzatmamaq” istirahətdir? Digər tərəfdən, vətəndaşın ildə bir dəfə məzuniyyətə çıxmadan 5-10 gün istirahət etməsi niyə bəzilərində niyə nararahatlıq yaradır? Hökumət bayramlara düşən istirahət günlərinin yarısını bir yerə toplayıb vətəndaşa verir. Hökumətin bu addımı ilə heç bir qanun pozulmadan vətəndaş istirahət üçün bir neçə gün əldə edir. Kimin bu günlərdən necə istifadə etməsi isə bir başqa məsələdir.
Fikrimcə, istirahət təkcə pulun çoxluğu ilə ölçülmür, burada hər bir şəxsin ruhi ehtiyaclarını ödəməsi də əsas rol oynayır. İstirahət təkcə uzaq səfərlərə getmək, bahalı otellərdə qalmaq, gününü ziyafətlərdə keçirmək demək deyil. Başqa dəyərlər, zövqlər də vardır. Əgər mümkünsə, kiçik bir sorğu keçirin: Tanıdığınız şəxslərdən neçə nəfər son 10-20 gündə teatra və ya kinoteatra gedib? Hansı konsertdə iştirak edib? və s. Bu sorğunun nəticəsinə özünüz də təəccüblənəcəksiniz. Bizim cəmiyyətimizdə istirahət zövqü çox zəifdir, istirahət imkanlarını dəyərə çevirə bilməmişik.
Azərbaycanda istirahət günü olan 12 bayram və 1 matəm günü vardır, üst-üstə istirahət günləri il ərzində cəmi 21 gün edir. Bəzi illərdə bu bayramlar üst-üstə düşdüyünə görə, hökumət çox düzgün olaraq, təqvimdə müəyyən dəyişiklik edir, istirahət günlərini bir araya gətirir. Məsələn, şənbə-bazar günlərini nəzərə almasaq, bu ilin mart ayında 7 gün (Novruz bayramı, Ramazan bayramı günləri) ardıcıl düşür. İstirahət günündən bu şəkildə istifadə etmək Azərbaycan vətəndaşlarının konstitusiya hüququdur. O ki, qaldı qeyd etdiyiniz kimi, istirahət günlərinin çox olmasının iqtisadiyyata təsirinə, burada iki məsələ özünü göstərir. Düzü, istirahət günlərinin özəl sektora birmənalı şəkildə mənfi təsir göstərdiyini iddia etmək düzgün deyil, əksinə, istirahət günlərinin ardıcıl olması, şəhər əhalisinin rayonlara üz tutması oralarda da həyatı müəyyən qədər canlandırır, müxtəlif təsərrüfat sahələrini, o cümlədən yerli turizmi, xidmət sahələrini dirçəldir. Xüsusi ilə qış günlərində bunun çox önəmli olduğunu, rayonlar üçün böyük əhəmiyyət daşıdığını vurğulamaq istəyirəm.
Nədənsə bayram günlərinin, daha doğrusu istirahət günlərinin çox olmasını iqtisadiyyatda hansısa sahələrə ziyan vurması ilə əlaqələndirirlər. Düzü, indiyədək bununla bağlı hər hansı hesablanma aparılması ilə bağlı məlumat oxumamışam. Ola bilsin ki, nəqliyyat şirkətlərinin, metropolitenin işinə müəyyən təsir göstərsin. Ancaq, hava nəqliyyatı, dəmiryolu nəqliyyatı, uzaq məsafələrə gedən avtobus nəqliyyatının fəaliyyəti kifayət qədər intensivləşir. İkinci bir tərəfdən də, bir mox özəl şirkətlərin istirahət günlərində işləməsi hamımıza yaxşı məlumdur. Şəxsən mən buna normal baxıram, ancaq qanunlar əsasında müəyyənləşən istirahət günlərində çalışan işçilərə daha çox vəsait ödənməlidir.
Türkiyədə xüsusi ilə Ramazan bayramı günlərində uzunmüddətli istirahət verilir, “paket endirimlər” və s. iqtisadi-ticari baxımdan diqqət çəkən, cəlbedici oxşar addımlar atılır, bu da turizmin, ticarətin, dolayısı ilə kənd təsərrüfatının, xidmət sahələrinin inkişafına mühüm təsir göstərir. Oxşar şəkildə də Azərbaycan da Novruz bayramı günlərini yerli və xarici turizmin, ticarətin, xidmət sahələrinin canlandığı, dirçəldiyi bir dövrə çevirmək mümkündür. Təəssüf ki, hələlik buna nail olmaq olmur: Novruz bayramı günlərində sürətlə qazanmaq həvəsinə düşən, müxtəlif bəhanələrlə qiymətləri artıran monopolist sahibkarlar öz acgözlükləri səbəbindən xüsusi ilə orta və aşağı gəlirli vətəndaşların bir neçə gün normal istirahət etməsinə imkan vermirlər. Yekunda nəyi vurğulamaq istəyirəm? Hökumət faktiki olaraq, təqvimdə sadə dəyişiklik etməklə vətəndaşın ildə bir dəfə məzuniyyətə çıxmadan 5-10 (bəzən də daha çox) istirahət etməsi üçün əmək və istirahət hüququna uyğun çıxış yolu tapır, ancaq biz toplum olaraq, hələlik bu istirahət günlərini sosial, mənəvi və iqtisadi dəyərə çevirə bilməmişik. Bu sahədə geniş etnoloji tədqiqatların aparılmasına, elmi əsaslara söykənən modellər yaradılmasına ehtiyac var.
Bəhmən Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent, etnoloq