Sabunçu rayonu ərazisində 22-23 fevral tarixlərində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Baş Prokurorluqdan Heftelik.az-a verilən məlumata görə araşdırma zamanı həmin şəxslərin 40-60 yaşlarında olmaqla, spirtli içki alüdəçiləri olmaları, 13-nün kişi, 2-nin qadın cinsli olmaları, 1 nəfər kişi cinsli şəxsin şəxsiyyətinin məlum olmaması təsbit edilib.
2025-ci ilin yanvar ayında Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 200.2.2-ci (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə təqsirli bilinərək 5 min manat cərimə cəzasına məhkum olunmuş 1988-ci il təvəllüdlü Səbuhi Xanhüseynovun istehsalat sexinə baxış keçirilməklə möhürlənib.
Hadisə yerlərində aşkar edilən gigiyenik vasitələrin və etil spirtinin satış nöqtələrindən də nümunələr götürülməklə tərkibi yoxlanılarkən
gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti aşkar edilib.
S.Xanhüseynov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, apteklərdə və ticarət müəssisələrində reydlər keçirilməklə, qeyd olunan texniki spirt və vasitələrin tüfeyli şəxslərə satışının dayandırılması, tüfeyli hətat tərzi keçirən və ölmüş şəxslərlə birgə içki qəbul etmiş şəxslərin müəyyənləşdirilərək nəzarətə götürülməsi barədə rayon polis idarəsinə tapşırıqlar verilib.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayət əməlinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.