Mərkəzi Bank buraxılış şərtlərində dəyişikliklə bağlı təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən 5 (beş) iş günü müddətində baxır və nəticəsi barədə beynəlxalq təşkilata yazılı məlumat verir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.

İctimaiyyətə açıqlanmış buraxılış şərtlərində dəyişikliklər haqqında məlumat bu Qaydanın 9.5-ci bəndində qeyd olunan müddət bitdikdən sonra 2 (iki) iş günü ərzində beynəlxalq təşkilatın rəsmi internet səhifəsində açıqlanır və açıqlandığı tarixdən 2 (iki) iş günü bitdikdən sonra qüvvəyə minir, bu şərtlə ki, bu Qaydanın 9.5-ci bəndində göstərilən qərar qəbul edilməmiş olsun. İctimaiyyətə açıqlanmamış buraxılış şərtlərində dəyişikliklər haqqında məlumat müvafiq buraxılış şərtlərinin təqdim edildiyi şəxslərə göndərilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş məlumat onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş məlumat isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır və bu tarixdən qüvvəyə minir. Bu Qaydanın 5.4-cü bəndində göstərilən hallar müəyyən olunduqda, Mərkəzi Bank buraxılış şərtlərində edilmiş dəyişikliklərin açıqlanmasına və tətbiq edilməsinə buraxılış şərtlərində dəyişiklik edilməsi barədə məlumatı aldığı gündən 5 (beş) iş günü müddətində etiraz edir. Mərkəzi Bank etirazlarını əks etdirən əsaslandırılmış qərar qəbul edir, beynəlxalq təşkilatı bu barədə yazılı qaydada məlumatlandırır və həmin qərarı mediada açıqlayır.