Son zamanlar Azərbaycanda istər yerli istehsal, istərsə də idxal olunan yağ məhsullarının qiymətlərində xeyli artım müşahidə olunur.

“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, son illər ərzində kərə yağı və süddən hazırlanmış digər yağlara tələbat artdığı üçün bu məhsulun idxalı da artıb və ötən 1 il ərzində idxalın həcmi 78.4%-ə çatıb. Ölkə bazarında satılan yağların böyük qismi İranın payına düşsə də, Yeni Zellandiya və Finlandiyadan gətirilən yağlara da tələbat öz qüvvəsində qalır.

Azərbaycanda yağa olan tələbatı ödəmək üçün digər illərdən fərqli olaraq ötən il daha çox məhsul idxal olunmasına baxmayaraq qiymətlərdə də kəskin artım özünü biruzə verir.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, yağ məhsulunun qiymətinin durmadan artmasının bir neçə səbəbləri var. Həm məhsul alınan zaman öz qiymətinin baha olması, həmçinin bu məhsulun xüsusi şəraitdə saxlanılması lazım olduğu üçün qiymət artımı qaçılmaz olur. Ekspert həmçinin onu da bildirib ki, ölkə ərazisində heyvanların otlaması üçün geniş otlaq sahələrinin olmaması, və onlardan kifayət qədər süd əldə edilə bilinmədiyi üçün yağa tələbatı ödəmək mümkün deyil. Buna görə də yağın xaricdan idxalı mütləqdir.

X.Kərimli əlavə edib ki, hətta nə vaxtsa yerli istehsal kimi yağ məhsulları satışda çoxluq təşkil etsə belə, bu yağın qiymətini aşağı salmayacaq. Çünki, hazırda heyvan yemləri və baxımları kifayət qədər çox xərc tələb edir.

Müəllif: Türkan_zadə