Göygöl rayon xəstəxanasında ana və körpə ölümü ilə nəticələnən hadisə baş verib.
“Heftelik.az” “APA TV”yə istinadən məlumat verir ki, rayonun Murovdağ qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Cəbrayılova Nüranə 9 aylıq hamilə olub. Rayon xəstəxanasına gətirilən qadına həkimlər tərəfindən əvvəl normal doğuş planlaşdırılsa da sonra hər şey bir anda dəyişib.
Mərhumun yoldaşının bildirdiyinə görə, xəstəxanaya gələn zaman qadın tam normal vəziyyətdə olub. Onun sözlərinə görə, yoldaşı əvvəl USM vasitəsi ilə müayinə olunub və daha sonra həkimlər tərəfindən doğuş üçün lazımı tədbirlər görülüb. Lakin, bir qədərdən sonra həkim onlara yaxınlaşaraq qadının vəziyyətinin pisləşdiyini söyləyib və təcili əməliyyata qaldırıldığını bildirib.
Daha sonra mərhumun yoldaşı əməliyyat olan yerə qalxdıqda Nüranənin əməliyyat masasında ölü olduğunun şahidi olub. Onun sözlərinə görə, ölüm səbəbini öyrənmək istəyəndə həkimin orada olmadığını, xəstəxanadan qaçdığını bildirib.
Bu iddialara görə Göygöl Rayon Xəstəxanasından açıqlama verilib. Rayon xəstəxanasının həkimi Əlkömək Alıyevin bildirdiyinə görə, xəstəxanaya 39 həftəlik hamilə Cəbrayılova Nüranə müraciət edib, aparılan müayinələr zamanı aşkar edilib ki, döl başgəlişidir və vaxtından əvvəl döl qişalarının cırılmalar mövcuddur: “Daha sonra hamilədə huşun itməsi hadisəsi baş verdiyi üçün xəstə təcili əməliyyata alınıb. Əməliyyat masasında xəstənin vəziyyəti anidən pisləşərək ölüm hadisəsi baş verib”.
Qeyd etmək lazımdır ki, bu mərhum Nüranə Cəbrayılovanın 4-cü hamiləliyi olub.
Hadisə ilə bağlı Göydöl Rayon Prokurorluğunda araşdırmalar aparılır.
Müəllif: Türkan_zadə