Lənkəranda sakinin şəxsi hesabına yaratdığı istixanası dövlət tərəfindən sökülüb.

“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, Astara rayonu Siyəkü kənd sakini Fariz İnətullayev Lənkəranın Parakənd kəndində tikdiyi istixananın dövlət tərəfindən sökulməsinə narazılıq bildirib. O, söyləyib ki, 2021-ci ildə 70 sota yaxın hər bir sənədi qaydasında olan torpaq sahəsi alaraq burada sahəsi 50 sota yaxın istixana yaradıb. Burada 15-ə yaxın işçi ilə təsərrüfat ilə məşğul olmağı fikirləşib.

Amma tikinti işləri başa çatdıqdan sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən bu iş üçün razılıq alınmadığı bildirilərək istixananın söküləcəyini bildiriblər. Bundan sonra F.İnatullayev məhkəməyə müraciət edib.

Zərərçəkmişin sözlərinə görə iş Fövqəladə Hallar Nazirliyinə verilib və yanvar ayında çıxmış qərara əsasən o, məsələ ilə bağlı İnzibati Məhkəməyə müraciət edib. Məhkəmə işi mart ayının 5-nə təyin etsə də müvafiq qurumlar qərarın nəticəsini gözləmədən 21 fevral tarixindən söküntü işlərinə başlayıblar.

Yaranmış problem ilə bağlı Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Fariz İnətullayev ona məxsus torpaq sahəsində apardığı tikinti işləri üçün müvafiq qurumlardan icazəverici sənədlər almadan, qanunsuz şəkildə istixana qurub. Qanuni şəkildə verilmiş bu qərar isə vətəndaşa təqdim olunub. Buna görə də tikinti qanunvericiliyinin müvafiq tələbinə əsaslanaraq fevral ayının 21- i ərazidə söküntü işləri aparılmağa başlanılıb.

Müəllif: Türkan_zadə