Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.
Vətəndaşlıq vəziyyəti akt qeydləri “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsi ilə elektron qaydada tərtib edilir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə qoşulanadək konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində vətəndaşlıq vəziyyəti akt qeydləri mətbəə üsulu ilə kağız üzərində çap edilmiş blanklarda dəqiq və aydın xətlə iki nüsxədə tərtib edilir. Akt qeydləri yalnız qara və ya göy rəngli qələmdən istifadə olunmaqla yazılır. Akt qeydini tərtib edərkən müxtəlif qələmlərdən istifadə olunmasına yol verilmir. Akt qeydlərində düzəlişlərin və ya qaralamaların edilməsi, habelə onların ləkələnməsi, əzilməsi və cırılması yolverilməzdir.