Qobustan rayonu Acıdərə adlanan ərazidə yaşayan sakinlər yollarından şikayət edirlər.
“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, sözügedən ərazi magistral yoldan cəmi 2 km aralı olmasına baxmayaraq yağan yağış və qar nəticəsində bu yolda hərəkət etmək mümkünsüz hala gəlir. Hətta, yağıntı zamanı yolda hərəkət edən avtomobillər bataraq palçığın içərisində qalır. Yalnız sakinlərin köməyi sayəsində maşınları bu vəziyyətdən çıxarmaq mümkün olur.
Sakinlərin sözlərinə görə, hava şəraitinin yağmurlu olan vaxtları evlərinə gedib-gələ bilmirlər, maşınlar bataraq qrunt sularının içərisində qaldığı üçün məcbur qalaraq avtomobillərini saxlayaraq yolu piyada gedirlər. Onlar həmçinin bildiriblər ki, belə vəziyyətdə nə xəstələri xəstəxanalara, nə də ki, uşaqları məktəb və ya bağçaya aparmaq mümkün olmur.
Problemlə əlaqədar sakinlər aidiyyatı qurumlara müraciət etsələr də, bu müraciətlərə baxılmayıb.
Məsələ ilə bağlı Təklə kənd İnzibati ərazi üzrə nümayəndəlik ilə əlaqə saxlayan zamanı müəssisədən bildirib ki, bu ərazi onlara mənsub olsa da yaşayış ərazisi hesab olunmur. İcra Nümayəndəsinin müavini Rahib Ələkbərov onu da bildirib ki, bu ərazidən 6-7 ailə mal-qara saxlamaq üçün ferma kimi istifadə edir və onların hər birinin kənd ərazisində şəxsi evləri var. Sözügedən ərazi isə qışlaq və yaylaq kimi nəzərdə tutulan bir məkandır.
Müəllif: Türkan_zadə